Azərbaycan və NATO əməkdaşlığı haqqında arayış

Azərbaycan-NATO ilk təmasların tarixi Azərbaycanın bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə NATO-nun yeni yaradılmış məşvərətçi forumuna – Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası) qoşulduğu 1992-ci ilin mart ayına təsadüf edir.

Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur. 

Azərbaycan Sülh naminə Tərəfdaşlığın prinsiplərinə əsaslanmaqla NATO  ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, əməliyyatlarda iştirak, Əfqanıstana töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və s. aktual məsələlər müzakirə olunur, eləcə də praktiki əməkdaşlığın vəziyyətinə qiymət verilir. Qarşılıqlı anlayışa əsaslanan, yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlıq sahəsində tərəqqini təşviq edir.

Azərbaycan fərdi tərəfdaşlıq məsələlərini özündə ehtiva edən əsas sənədlərdə əks olunmuş məqsəd və prinsiplərin yerinə yetirilməsi məqsədi ilə NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal istifadə edir. Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsipləri əsas etibarı ilə Azərbaycanın SNT Təqdimat Sənədi (1996), Planlaşdırma və Analiz Prosesi (1997) və Fərdi Tərəfdaşlıq Əməliyyat Planında (2004) öz əksini tapır. Bu sənədlərdə Azərbaycan Respublikası müdafiə və təhlükəsizlik sektoru islahatı, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, enerji təhlükəsizliyinin təmini, fövqəladə hallara hazırlıq, meydana çıxan təhlükəsizlik çağırışları ilə mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq niyyətini ifadə etmişdir.

Azərbaycanın 2004-cü ildə qoşulduğu Fərdi Tərəfdaşlıq Əməliyyat Planı (FTƏP) ikitərəfli tərəfdaşlığı sistemləşdirməyə və eləcə də qarşılıqlı maraq doğuran istənilən məsələ ilə bağlı əməkdaşlıq tədbirini razılaşdırmağa imkan verir. Azərbaycan I (2005-2007), II (2008-2010) və III (2012-2013) dövr NATO-Azərbaycan FTƏP sənədlərini başa çatdırmış, hazırda 2015-2016-cı illəri əhatə edən növbəti dövrə sənədinin həyata keçirilməsi üzərində iş aparmaqdadır. 

SNT Təqdimat Sənədi əsasında hazırlanan Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan hər il 200-dən artıq tədbirdə iştirak edir. Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı NATO üzv və bəzi tərəfdaş ölkələri tərəfindən təşkil edilən, təcrübə mübadiləsi, hazırlığın artırılması, həmçinin ekspert müzakirələrinə xidmət edən tədbirlərdə iştiraka şərait yaradır. Digər mühüm mexanizm, hərbi islahatlar, təlim və təhsil, standartların tətbiqi, NATO qüvvələrinin iştirakı ilə çoxmillətli əməliyyatlara və hərbi təlimlərə göndərilə biləcək qüvvələri müəyyən etmək və qiymətləndirməkdə tərəfdaşlara yardım etməyi nəzərdə tutan Planlaşdırma və Analiz Prosesidir (PAP). PAP tərəfdaş ölkəyə NATO təcrübəsinə uyğun müdafiə planlamasının təşkil edilməsinə yardım edir. Azərbaycan hazırda əməliyyatlara hazırlıq və müdafiə planlaması üzrə “tərəfdaşlıq məqsədi” adlanan bir çox konkret tədbirləri həyata keçirir.