İctimai Diplomatiya

Azərbaycan Hökuməti NATO ilə tərəfdaşlığa ictimaiyyətin dəstəyinin əldə edilməsi məsələsinə böyük əhəmiyyət verir və bu baxımdan ictimai diplomatiya Azərbaycanın NATO ilə praktiki əməkdaşlığında mühüm yer tutur.  

Bu sahədə praktiki əməkdaşlığın əsas elementlərini Azərbaycan NATO Beynəlxalq Məktəbi (NISA), ADA Universiteti, Avro-Atlantik Mərkəz tərəfindən həyata keçirilən tədbirlərə NATO-nun siyasi və ekspert dəstəyinin təmin olunması; tələbələrin, fikir formalaşdıran şəxslərin və düşüncə mərkəzlərinin nümayəndələrinin NATO Mənzil Qərargahına səfərlərinin təşkil olunması; həmçinin ölkəmizin NATO ilə əməkdaşlığının təbliğinə dair NATO MQ-da müxtəlif tədbirlərin keçirilməsi təşkil edir. 

Hər il NISA tərəfindən müxtəlif mövzular (enerji və sərhəd təhlükəsizliyi, mühüm enerji infrastrukturunun mühafizəsi, böhranların idarə olunması, sülh əməliyyatlarına dəstək, dəniz təhlükəsizliyi, kiber müdafiə, Yaxın Şərq regionunda təhlükəsizlik, beynəlxalq böhranlar və s.) üzrə təşkil olunan, yerli və xarici tədqiqatçıların iştirak etdiyi sessiyalar beynəlxalq təhlükəsizlik məsələləri üzrə fəal və səmərəli forum rolunu oynayır. 2016-cı ilin 27 iyun – 1 iyul tarixlərində NISA-nın “Varşava Sammitinə baxış: regional təhlükəsizlik çağırışların həllində NATO-nun rolu” mövzusunda növbəti yay sessiyası keçirilmişdir. 

Eyni zamanda, 1 iyun – 31 oktyabr tarixləri arasında Gəncə Avro-Atlantik Mərkəz tərəfindən NATO-nun Varşava Zirvə Toplantısı öncəsi gözləntilər və Sammitin nəticələri, eləcə də beynəlxalq təhlükəsizliyə yeni təhdidlər mövzularında beş dəyirmi masa müzakirələri təşkil olunmuşdur. Qeyd olunan Mərkəz tədbirlərin maliyyələşdirilməsi üçün NATO-ya müraciət etmiş və bu xüsusda, müvafiq maliyyə yardımı ayrılmışdır.  

Həmçinin ADA Universitetinin “Beynəlxalq münasibətlərdə Avropa İttifaqının rolu” mövzusunda yuxarı kurs bakalavr və magistr tələbələri üçün hazırlanmış proqramı çərçivəsində 15 nəfərlik müəllim və tələbə heyətinin 22 iyun – 3 iyul tarixlərində Brüsselə səfəri olmuşdur. Səfər çərçivəsində tələbələrin həm NATO Mənzil Qərargahında, həm də Mons şəhərində yerləşən Müttəfiqlərin Əməliyyat Komandanlığında Alyansın ekspertləri ilə görüşləri keçirilmişdir. 

Qeyd edək ki, Azərbaycan üçün NATO təmas nöqtəsi funksiyasını artıq 4-cü dövrdür (1 dövr 2 ili əhatə edir) ki, yerinə yetirən Bakıdakı Rumıniya səfirliyi 2017-ci ildən etibarən bu funksiyanı Macarıstana təhvil verəcəkdir.