Sülh və Təhlükəsizlik naminə Elm Proqramı (STEP)

Azərbaycan-NATO tərəfdaşlığından bəhs edərkən elm və ətraf mühit sahələrində səmərəli əməkdaşlıq da xüsusi qeyd edilməlidir. 1995-ci ildən bəri Azərbaycan NATO-nun elm sahəsində tədbirlərinə müntəzəm olaraq qatılmışdır.

NATO STEP Proqramı meydana gələn təhlükəsizlik təhdidlərinin dəf edilməsi üçün beynəlxalq səylərin əlaqələndirilməsinə və NATO və tərəfdaş ölkələrin təhlükəsizliyinin artırılması məqsədilə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə sıx əməkdaşlığa imkan verir.

Bu sahədə olan əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə 10 aprel 2014-cü ildə Bakıda NATO Sülh və Təhlükəsizlik naminə Elm Proqramı Məlumatlandırma günü keçirilmişdir. Müxtəlif ölkələrdən olan alimlər, tədqiqatçılar və ekspertlər Bakıda toplaşaraq elm proqramları və tədbirləri vasitəsilə NATO ilə birgə fəaliyyət göstərmək üçün yeni təşəbbüslər və təkliflər üzərində fikir mübadiləsi aparmışlar. Təkliflər enerji təhlükəsizliyi və kiber müdafiədən başlanmış qadınların sülh və təhlükəsizliklə əlaqədar məsələlərdə roluna qədər sahələrə toxunmuşdur. Məlumatlandırma gününün iştirakçıları STEP proqramı, onun prioritetləri və layihə üçün qrant alma proseduraları ilə tanış olmuşdurlar.

Azərbaycan STEP çərçivəsində NATO ilə başa çatmış və davam etməkdə olan layihələrə malik öncül tərəfdaş ölkələrdən biridir. Ölkəmiz NATO-nun STEP-i çərçivəsində Xəzər dənizinin eko-sisteminin təhlili, eko-terrorizmə qarşı həssas olan su təchizatı vasitələrinin mühafizəsi, şəhər su resurslarının idarə edilməsi və davamlı inkişafı, zəlzələlərin nəticələrinin aradan qaldırılması, neft və qaz boru kəmərləri boyunca seysmoloji vəziyyətin  qiymətləndirilməsi üzrə layihələrə malikdir. Aşağıda NATO STEP proqramı çərçivəsində tamamlanmış bəzi layihələr barədə nümunələr vardır.

Meydana gələn Təhlükəsizlik Çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin gücləndirilməsi.

2013-cü ilin may ayında Bakıda XXI əsrdə enerji təhlükəsizliyi məsələlərinin gücləndirilməsini müzakirə etmək məqsədilə konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Diplomatik Akademiyası, ABŞ-ın Dövlət Departamenti və NATO Meydana gələn Təhlükəsizlik Çağırışları İdarəsi tərəfindən təşkil olunmuşdur. Tədbirdə enerji təhlükəsizliyinə olan digər sahələrlə kəsişən riskləri müzakirə etmək üçün kiber müdafiə, terrorizmə qarşı mübarizə və infrastruktur təhlükəsizliyi sahələrindən olan aparıcı ekspertlər bir araya gəlmişdir. Müzakirələr zamanı əsas diqqət Xəzər regionuna yönəlmişdir.

Cənubi Qafqaz-Şərqi Türkiyə enerji koridorları üzrə seysmik təhlükə və risk qiymətləndirilməsi.

 Cənubi Qafqaz-Şərqi Türkiyə enerji koridorları Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə xam neft və təbii qaz  daşıyan bir neçə mühüm kəmərlərdən ibarətdir. Layihənin məqsədi Bakı-Tbilisi-Ərzurum xam neft kəməri və Bakı-Tiflis-Ərzurum təbii qaz kəmərinin zəlzələyə həssas olan seqmentlərinin müəyyən olunması və kəmərlər üçün ətraflı seysmik təhlükə və risk araşdırma aparmaqla təsirlərin azaldılması strategiyasını təmin etməkdən ibarət idi.

Şəbəkə/Sistem administratorları üçün kiber müdafiə üzrə təlim kursu.

2014-cü ilin sentyabr ayının və 2016-cı ilin fevral ayının ilk iki həftəsində Azərbaycanın aidiyyəti qurumlarının və Kompüter Böhranlarına Cavab Mərkəzinin  şəbəkə və sistem administratorları kiber müdafiə təlim kursunda iştirak etmişlər. Təlim kiber təhlükəsizliyin həm nəzəri, həm də praktiki laboratoriya təlimləri olmaqla  kriptoqrafiya, kiber təhlükəsizlik monitorinqi, internet şəbəkəsi və həssaslıqlarının qiymətləndirilməsini əhatə etmişdir. Təlim kursunun sonunda iştirakçıların təlim ərzində öyrəndiklərinin praktiki olaraq tətbiqi məqsədilə penetrasiya testi və imtahan keçirilmişdir.

Elm layihələrinə NATO-nun maliyyə dəstəyi üçün necə müraciət etməli?

NATO, Tərəfdaş və Aralıq Dənizi ölkələrinin mütəxəssislərinə təklif olunan STEP qrantlarının seçilməsi, həmçinin müraciət və qiymətləndirmə proseduraları haqqında məlumat NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm Proqramının www.nato.int/science internet ünvanı vasitəsilə əldə oluna bilər.