Etimad Fondları layihələri

Azərbaycanın NATO ilə praktiki əməkdaşlıq sahələri arasında təhlükəli maddələr, mina və digər partlayıcı maddələrin təmizlənməsi üzrə fəaliyyət xüsusi yer tutur. Bu kontekstdə bu günə qədər NATO ilə birlikdə Melanj, Saloğlu və Ceyrançöl (hazırda davam edir) Etimad Fondları həyata keçirilmişdir.

Melanj layihəsi

Azərbaycan 2006-2008-ci illərdə NATO maliyyəsi və ekspertizası ilə Mingəçevir və Ələt ərazisində keçmiş sovet ordusundan qalma 1400 ton, vaxtı keçmiş, yüksək zəhərli raket yanacağının zərərsizləşdirilməsi üzrə 2.2 milyon avro məbləğində Melanj layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində Ələt və Mingəçevirdə müvafiq olaraq 950 və 350 ton melanj zərərsizləşdirilmişdir. Layihə NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı tərəfindən dəstəklənmiş, NATO-nun Maddi-Texniki Təminat və Təchizat Agentliyi (NAMSA) layihənin icraçı qurumu olmuşdur.

Saloğlu SNT Etimad Fondu

Növbəti bu tipli layihə NATO və tərəfdaş ölkələrin təşkil etdiyi könüllü maliyyələşmə fondu (“NATO/Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu”) ilə Ağstafa rayonunun Saloğlu qəsəbəsi yaxınlığında 4400 hektarlıq ərazinin keçmiş sovet ordusundan qalma partlamamış hərbi sursatlardan təmizlənməsi və həmin sursatların zərərsizləşdirilməsinə xidmət etmişdir. NATO tərəfdən layihənin icraçı qurumu NATO-nun Maddi-Texniki Təminat və Təchizat Agentliyi (NAMSA), Azərbaycan tərəfindən isə ANAMA olmuşdur. Layihə üzrə rəhbər dövlət Türkiyə olmuşdur.

2005-2011-ci illərdə icra edilmiş Saloğlu Etimad Fondu layihəsi 3 mərhələdə həyata keçirildi. Azərbaycan Hökuməti layihənin bütün mərhələlərində davamlı olaraq dəstək göstərmiş və resursların səfərbər edilməsi, beynəlxalq strukturlar/donorlar arasında dəstəklənməsinə səylər göstərmiş və ümumən layihənin 50%-ni maliyyələşdirmişdir.

Layihəyə Türkiyə və Azərbaycandan başqa Avstraliya, Bolqarıstan, Sloveniya, Finlandiya, Çexiya, Latviya, Litva, Lüksemburq, Norveç, İsveçrə, ABŞ, İtaliya, İslandiya, Yaponiya və BMT İnkişaf Proqramı da töhfə vermişdir.  

Ceyrançöl SNT Etimad Fondu

Azərbaycan tərəfi 2010-cu ildə NATO-dan Ceyrançöl ərazisində mina və PHS probleminin həlli məqsədilə yeni bir layihəyə başlamağı xahiş etmişdir. NATO apardığı qiymətləndirmə əsasında ərazidə yeni layihə həyata keçirməyə razılıq vermişdir.        

Bu layihənin spesifik məqsədləri bunlardır: ərazinin yerli fermerlər və Azərbaycan sərhədçiləri üçün təhlükəsiz edilməsi, kənd təsərrüfatına yararlı vəziyyətə gətirilməsi, bu bölgədəki vacib arxeoloji və tarixi məkanlar üçün keçidin təmini, yaxınlıqdan keçən strateji cəhətdən vacib neft və qaz boru kəmərlərinin təhlükəsizliyi üçün ərazinin təmizlənməsi.

64 km2-lik Ceyrançöl ərazisini əhatə edən bu layihənin 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. 2012-ci ilin 5 iyul tarixində Azərbaycan və NATO rəsmilərinin iştirakı ilə Bakıda layihənin rəsmi açılışı keçirilmişdir. Birinci mərhələ 2014-cü ilin iyul ayının 8-də Bakıda keçirilən rəsmi tədbirlə tamamlanmış və həmin tarixdən layihənin ikinci mərhələsinə başlanmışdır. İkinci mərhələ çərçivəsində təmizləmə əməliyyatı 2016-cı ilin sentyabrında uğurla tamamlanmışdır və hazırda onun üçüncü mərhələsinin başlanması üzərində iş aparılır.

Layihənin icrası üzrə NATO tərəfdən məsul qurum kimi NATO-nun Dəstək Agentliyi (NSPA) (keçmiş Maddi-Texniki Təminat və Təchizat Agentliyi (NAMSA)) təyin olunmuş, Azərbaycan tərəfindən təmizləmə işlərinin aparılması isə ANAMA-ya həvalə olunmuşdur. Layihənin rəhbər dövləti Amerika Birləşmiş Ştatlarıdır (ABŞ).

Azərbaycan tərəfi digər layihədə olduğu kimi Ceyrançöl Etimad Fondunun da 50%-ni maliyyələşdirməyi üzərinə götürmüşdür. Layihəyə Azərbaycan və ABŞ-dan başqa Böyük Britaniya, Norveç, İsveçrə, Türkiyə, İtaliya, İslandiya və Yaponiya da töhfə verir.