Səfir Xəzər İBRAHİM (2011-2017)

Xəzər İbrahim 2011-ci il 15 mart tarixində Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi ilə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilmişdir. 

2009-cu ildən bəri o, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin müşaviri olmuşdur. 

2007-2009-cu illərdə Xəzər İbrahim Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi və ondan əvvəl mətbuat katibinin müavini olmuşdur. 

2005-2006-cı illərdə, o, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının hazırlanmasına və NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının icrasına birbaşa cəlb olunaraq, Xarici İşlər Nazirliyinin Hərbi-Siyasi Şöbəsində işləmişdir.    

2002-ci ilin sentyabr ayından 2005-ci ilin sentyabr ayınadək o, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində çalışmışdır. Onun məşğul olduğu sahələrə hərbi-siyasi, siyasi və ictimai diplomatiya məsələləri daxil olmuşdur. 

1998-2002-ci illərdə o, ikitərəfli hərbi-siyasi əlaqələr, NATO məsələləri, silahlara nəzarət, tərksilah və çoxtərəfli təhlükəsizlik məsələləri üzrə məsul olaraq, Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar və Təhlükəsizlik Problemləri İdarələrində müxtəlif vəzifələr tutmuşdur. 

Xəzər İbrahim Bakı Dövlət Universitetitində beynəlxalq əlaqələr üzrə magistr elmi dərəcəsi (fərqlənmə) və Corctaun Universitetində təhlükəsizlik elmləri üzrə magistr dərəcəsi (fərqlənmə ilə) almışdır. 2000-2001-ci illərdə o, NATO-nun Roma şəhərində yerləşən Müdafiə Kollecində ali kurs keçmişdir.      

O, Bakıda yerləşən Xəzər Universitetində “Azərbaycanın Xarici Siyasəti” fənnini və “Post-Sovet Azərbaycanın Siyasəti” seminarını tədris etmişdir. 

Evlidir, bir oğlu və üç qızı var.