NATO-nun Başçılığı Altında Əməliyyatlara Töhfə

Azərbaycan Respublikası Avro-Atlantik məkanda təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə sanksiyalaşdırılmış, NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında iştirak edir. Azərbaycan 1999-2008-ci illərdə NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında (KFOR) iştirak etmişdir. Azərbaycan 2002-2014-cü illərdə NATO-nun Əfqanıstanda həyata keçirilən ISAF  əməliyyatında iştirak etmişdir.

Azərbaycan 01.01.2015-ci ildən başlayaraq NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək adlı təlim, məsləhət və dəstək missiyasına töhfə verir. Hazırda Azərbaycanın 94 nəfərlik birliyi Qətiyyətli Dəstək missiyasının tərkibində xidmət edir.

Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması üzrə NATO çərçivəsində və digər beynəlxalq siyasi proseslərdə yaxından iştirak edir və Əfqanıstan hökuməti ilə müntəzəm təmaslar saxlayır. Azərbaycanın töhfəsi siyasi, hərbi, logistik dəstək / hava və yer tranziti, habelə müxtəlif treninqlər, humanitar mina təmizləmə və Əfqan Ordusu üzrə Etimad Fonduna maliyyə töhfələri kimi sahələrdən ibarətdir. 

2014-cü ildən etibarən Azərbaycan Hökuməti və NATO-nun həmtəşkilatçılığı ilə Əfqanıstanın dövlət institutlarının yüksək və orta rütbəli rəsmiləri üçün “Silahlı Qüvvələr üzərində Mülki Nəzarət” mövzusunda seminarlar təşkil edilir. Sonuncu belə seminar 2016-cı ilin 28-30 mart tarixlərində Bakı şəhərində ADA Universitetində keçirilmişdir.

2010-cu ildən başlayaraq ADA Universiteti keçid kontekstində idarəçiliyin yaxşılaşdırılmasına töhfə qismində GSCP (İsveçrə) ilə birgə əfqan rəsmiləri üçün təlimlər həyata keçirir. Sayca beşinci belə təlim 2014-cü ilin oktyabr ayında “Keçid dövründə dövlət quruculuğu” mövzusunda uğurla baş tutmuşdur. Təlimdə Əfqanıstanın müxtəlif dövlət qurumlarından iyirmi nəfər nümayəndə iştirak etmişdir.  

2010-cu ilin noyabrında Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Əfqan xüsusi xidmət orqanlarının nümayəndələri üçün müasir terror təhdidləri ilə mübarizə mövzusunda iki həftəlik təlim təşkil etmişdir. 2011-ci ilin noyabrında Azərbaycan Dövlət Sərhəd Xidməti NATO-nun dəstəyi ilə Əfqanıstan və Mərkəzi Asiya dövlətləri üçün sərhəd təhlükəsizliyi və narkotik maddələrin yayılması mövzusunda seminar keçirmişdir. Xarici İşlər, Daxili İşlər, Müdafiə, Fövqəladə hallar, Səhiyyə nazirlikləri və DSX tərəfindən treninq və təhsil təklifləri əfqan hökumətinə təqdim olunmuşdur.  

ANAMA humanitar mina təmizləmə sahəsində Əfqanıstana fəal dəstək göstərmişdir. Görülmüş işlərə əfqanların treninqi və onlara mentorluq edilməsi, ofis avadanlığının ianə edilməsi, yerli dillərdə mina agahlığının artırılması üçün kitab və materialların hazırlanması və onların əfqan orqanlarına təhvili, minalara dair məlumatlandırma sahəsində müəllimlərin treninqi daxildir.

Arxiv üzrə axtarış