2018-05-14

Belçikaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apparturay ilə görüşüb

Görüşdə Azərbaycan və NATO arasında tərəfdaşlığın inkişafından məmnunluq ifadə olundu.

NATO-nun xüsusi nümayəndəsi Əfqanıstanda sülhün bərqərar olmasını hədəfləmiş "Qətiyyətli Dəstək Əməliyyatı"na və Əfqanıstan Milli Ordusu Etimad Fonduna texniki və maddi dəstəyinə görə Azərbaycana təşəkkürünü bildirdi. Habelə, NATO-nun Müttəfiq Qüvvələrinin Avropada Ali Baş Komandanı və Rusiya Federasiyası baş qərargah rəislərinin Bakıda keçirilmiş görüşləri yüksək qiymətləndirildi. 

Görüş əsnasında regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Nazir Elmar Məmmədyarov bildirdi ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır. 

Görüşdə həmçinin, Azərbaycan-NATO münasibətlərinin gələcək perspektivləri, beynəlxalq gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparıldı.


Mənbə: Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

Arxiv üzrə axtarış