2021-05-17

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev NATO-ya səfər edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev 17 may 2021-ci il tarixində NATO mənzil-qərargahına səfər etmişdir. Səfər Azərbaycan-NATO tərəfdaşlığının əsasını təşkil edən Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədinin imzalanmasının 27-ci il ildönümü ərəfəsinə təsadüf etmişdir.

Səfər çərçivəsində cənab Hacıyev NATO Baş katibinin müavini Mirça Coana ilə görüşmüş və müttəfiq dövlətlərlə “30+1” formatında iclasda iştirak etmişdir.

Keçirilmiş müzakirələr zamanı H.Hacıyev Vətən Müharibəsinin nəticələri və regional təhlükəsizlik mühiti üzrə Azərbaycanın baxışlarına dair müttəfiq dövlətlərə məlumat vermiş, Azərbaycan-NATO tərəfdaşlığının cari vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılmışdır.

NATO üzv dövlətləri Azərbaycanın etibarlı və önəmli tərəfdaş ölkə olduğunu vurğulamış və ölkəmizin Sülh Naminə Tərəfdaşlıq proqramında aktiv iştirakını, NATO əməliyyatlarına töhfələrini, ələlxüsus Əfqanıstandakı əməliyyata dəstəyini, qarşılıqlı operativ uzlaşmanın artırılması və islahatlar sahəsində əldə etdiyi tərəqqini yüksək qiymətləndirmişdir.

 

 

Arxiv üzrə axtarış