2021-12-14

Brüsseldə İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olub

Dekabrın 14-də NATO-nun Baş katibinin dəvəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Alyansın Baş katibi Yens Stoltenberq arasında görüş olub.

NATO-nun Brüsseldəki mənzil-qərargahında Baş katib Yens Stoltenberq dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.

Sonra rəsmi foto çəkdirildi.

Görüşdə NATO-nun Baş katibi Azərbaycanın Alyansın dəyərli tərəfdaşı olduğunu dedi və Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda "Qətiyyətli dəstək" əməliyyatlarındakı xidmətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycan sülhməramlıları Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olublar və onlar 120 mindən çox insanın Əfqanıstan hava limanı vasitəsilə təxliyəsinə töhfə veriblər. Yens Stoltenberq buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və bu, artıq onun Alyansın mənzil-qərargahına yeddinci səfəridir. Bildirdi ki, Azərbaycan hərbçiləri 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda xidmət ediblər.

Söhbət zamanı postmünaqişə dövründə regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı və Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlara hazır olduğu bildirildi. Həmçinin regiondakı təhlükəsizlik məsələləri qeyd olundu.

Prezident İlham Əliyev Azərbaycanın NATO-nun üzv ölkələri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd etdi, eləcə də Alyansın aparıcı üzv dövlətlərindən olan qardaş Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinin mövcud olduğunu dedi.

Görüşdə Azərbaycanın 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı ilə tərəfdaşlığının vacibliyi vurğulandı. Bu çərçivədə ölkəmizin NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında və digər proqramlarında fəal iştirak etdiyi, Azərbaycan Silahlı Qüvvələri ilə NATO Silahlı Qüvvələri arasında operativ hərbi uyğunlaşmanın inkişaf etdiyi diqqətə çatdırıldı. Eyni zamanda, Azərbaycanın NATO-nun təlimlərində və ikitərəfli əsasda Türkiyə ilə Azərbaycan arasında keçirilən təlimlərdə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu qeyd olundu. Ölkəmizin NATO-nun "Qətiyyətli dəstək" missiyasının həyata keçirilməsində regional nəqliyyat və logistika mərkəzi kimi verdiyi töhfələr də təqdir edildi.

 

Mənbə: Azərbaycan Respublikası Prezidentinin internet səhifəsi

 

Arxiv üzrə axtarış