Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının növbəti yaz sessiyasında iştirak edir
Litvanın paytaxtı Vilnüs şəhərində NATO Parlament Assambleyasının (PA) növbəti yaz sessiyası keçirilir. 29 may – 1 iyun tarixlərində keçirilən sessiyada Alyansa üzv olan 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndə heyətləri iştirak edirlər.
Sessiya çərçivəsində kollektiv müdafiə və transatlantik təhlükəsizlik, enerji təhlükəsizliyi, kritik sualtı infrastrukturun mühafizəsi, NATO-nun müdafiə innovasiyalarının sürətləndirilməsi, artan müdafiə xərclərinin iqtisadi nəticələri və maliyyə öhdəliklərinin bölüşdürülməsi, müttəfiqlərin dayanıqlığının gücləndirilməsi, terrorçuluqla mübarizə, hibrid təhdidlərə qarşı davamlılıq, NATO-nun gələcək qüvvələrinin formalaşdırılması və maliyyələşdirilməsi, dəniz dibi və kosmik fəzada müdafiə, kritik xammal materiallarının müdafiəyə təsiri, NATO-nun regional strateji maraqları, müdafiə texnologiyalarının inkişafı, Ukraynanın müharibə dövründə müdafiə təchizatı və digər mövzular ətrafında müzakirələr aparılır.
Tədbirdə deputat Ramid Namazovun rəhbərlik etdiyi AR Milli Məclisinin NATO PA-dakı nümayəndə heyəti və səfir Cəfər Hüseynzadənin başçılığı altında Azərbaycanın NATO yanında Nümayəndəliyi fəal iştirak edir.