“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 yanvar 2026

NATO Baş katibinin müavini xanım Radmila Şekerinska Azərbaycana səfər edib

21–23 yanvar 2025-ci il tarixlərində NATO Baş katibinin müavini xanım Radmila Şekerinska Azərbaycana səfər edib.

Səfər çərçivəsində NATO Baş katibinin müavini Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi cənab Elçin Əmirbəyov və Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarova ilə bir sıra rəsmi görüşlər keçirib.

Görüşlər zamanı tərəflər Sülh naminə tərəfdaşlıq çərçivəsində Azərbaycan–NATO tərəfdaşlığının cari gündəliyi ətrafında fikir mübadiləsi aparmış, mövcud mexanizmlər çərçivəsində siyasi dialoqun və praktiki əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar. Müzakirələr həmçinin Azərbaycan–NATO münasibətlərinin mövcud vəziyyəti və gələcək perspektivləri, eləcə də regiondakı son inkişaflara dair məsələləri əhatə edib.

Görüşlər zamanı regional təhlükəsizlik məsələləri, o cümlədən Azərbaycan–Ermənistan normallaşma prosesi və davam edən sülh səyləri müzakirə olunub. Görüşlərdə Azərbaycan tərəfinin rəsmiləri Vaşinqton Sammitinin nəticələri barədə məlumat verib və regional kommunikasiya və nəqliyyat layihələri üzrə razılaşdırılmış addımlardan bəhs ediblər. 2025-ci ildə NATO-nun Şimali Atlantika Şurasının səfirlərinin ilk dəfə Azərbaycana səfəri, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşləri, Azərbaycan–NATO əməkdaşlığının tarixində mühüm hadisə kimi qeyd edilib.

Müzakirələrdə həmçinin Azərbaycanın NATO-nun rəhbərlik etdiyi Sülhə Dəstək Əməliyyatlarına, o cümlədən Əfqanıstandakı “Qətiyyətli Dəstək” Missiyasına verdiyi töhfələr, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu və humanitar minatəmizləmə sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Tərəflər eyni zamanda Azərbaycanın Orta Dəhliz çərçivəsində tranzit və logistika mərkəzi kimi rolu, NATO-nun beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsindəki rolu, eləcə də Milli Məclis ilə NATO Parlament Assambleyası arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyəti və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Səfər çərçivəsində NATO Baş katibinin müavini xanım Radmila Şekerinska ADA Universitetini də ziyarət edib, burada Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Universitetin prorektoru doktor Fariz İsmayılzadə, eləcə də professor-müəllim heyəti və tələbələrlə görüşlər keçirib. Görüşlər zamanı NATO-nun əsas vəzifələri, Alyansın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasındakı rolu, Sülh naminə tərəfdaşlıq çərçivəsində Azərbaycan–NATO əməkdaşlığı, o cümlədən Azərbaycanın NATO-nun rəhbərlik etdiyi Sülhə Dəstək Əməliyyatlarında fəal və etibarlı tərəfdaş kimi töhfələri, xüsusilə “Qətiyyətli Dəstək” Missiyasının son mərhələsində Müttəfiq qüvvələrin Əfqanıstandan təhlükəsiz şəkildə təxliyəsinə verdiyi mühüm dəstək, eləcə də Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Dr. Fariz İsmayılzadə ADA Universitetinin akademik proqramları, beynəlxalq əməkdaşlığı və təhsil imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Xanım Şekerinska, həmçinin ADA Universitetinin müasir kampusu və infrastrukturu ilə də tanış olub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti