“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 sentyabr 2026

NATO nümayəndə heyəti Azərbaycana səfər edib

1–3 sentyabr 2026-cı il tarixlərində NATO-nun Silahlara Nəzarət, Tərksilah və Yayılmanın Qarşısının Alınması bölməsinin rəhbəri xanım Eirini Lemos-Maniatinin rəhbərlik etdiyi NATO nümayəndə heyəti “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında panel məruzəçisi qismində iştirak etmək məqsədilə Azərbaycana səfər edib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən birgə təşkil olunan konfrans 60 ölkədən 400-dən çox nümayəndəni bir araya gətirib.

Xanım Eirini Lemos-Maniati konfransın “Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə” mövzulu panel müzakirəsində panelist qismində iştirak edib və NATO-nun mina fəaliyyəti sahəsində gördüyü işlər, Alyansın tərəfdaşlarla, ələxsus Azərbaycanla uğurlu əməkdaşlığı və bu sahədə həyata keçirilmiş və keçirilməkdə olan yeni birgə layihələr barədə məlumat verib.

Səfər çərçivəsində xanım Lemos-Maniati, həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov ilə görüşüb.

Görüş zamanı Azərbaycanın NATO ilə humanitar minatəmizləmə sahəsində əməkdaşlığı, beynəlxalq dəstək, innovativ minatəmizləmə üsulları, habelə Azərbaycanın hazırda həyata keçirilən və gələcəkdə reallaşdırılması nəzərdə tutulan Sülh və Təhlükəsizlik naminə Elm (SPS) proqramı layihələrində iştirakı məsələləri müzakirə olunub.

Samir Poladov bildirib ki, 2020-ci ilin noyabr ayından etibarən mina hadisələri nəticəsində 437 Azərbaycan vətəndaşı həlak olub və ya xəsarət alıb. O, minaların məcburi köçkünlərin geri qayıdışına, yenidənqurma işlərinə və ətraf mühitə təsirini xüsusi vurğulayıb. O, həmçinin NATO nümayəndə heyətinə ANAMA-nın fəaliyyəti, təlim proqramları, Göygöl Təlim Mərkəzi və humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlıqları barədə məlumat verib.

Səfər Azərbaycanın NATO ilə humanitar minatəmizləmə sahəsində, o cümlədən minaların təmizlənməsi, yeni texnologiyalardan istifadə və birgə layihələrin həyata keçirilməsi istiqamətlərində uzunmüddətli əməkdaşlığını bir daha nümayiş etdirib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti