NATO-nun Şimali Atlantik Şurası səfirlərindən ibarət nümayəndə heyəti ilk dəfə olaraq Azərbaycana səfər edib
6-7 noyabr 2025-ci il tarixlərində NATO-nun Şimali Atlantik Şurası (ŞAŞ) səfirlərindən ibarət nümayəndə heyəti ilk dəfə olaraq Azərbaycana səfər edib.
Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Fransa Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, habelə xarici işlər naziri Ceyhun Bayramov, xarici işlər nazirinin müavini Fariz Rzayev, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb, həmçinin ADA Universitetini ziyarət edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə NATO nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul olunmasının əhəmiyyəti vurğulanmış və dövlətimizin başçısının NATO mənzil-qərargahına səfərləri məmnunluqla xatırladılıb.
Qonaqlar Azərbaycanın hazırkı inkişafının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə daha da gücləndiyini vurğulayıb.
Qonaqlar Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıblar.
Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib və əldə olunmuş razılaşmaların regionun inkişafı üçün geniş imkanlar açdığını deyib.
Prezident İlham Əliyev də öz növbəsində NATO mənzil-qərargahına səfərlərini xatırladaraq qeyd edib ki, Əfqanıstandakı əməliyyatlara dəstək Azərbaycan-NATO əməkdaşlığının vacib hissəsi olsa da, ölkəmizlə alyans arasında regional inkişaf, enerji təhlükəsizliyi və digər istiqamətlər üzrə əməkdaşlıq da gündəmdədir.
Dövlətimizin başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğulayıb. Bu xüsusda ölkəmizlə alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxunub.
Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədimizə çatdığımızı - torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayaraq qeyd edib ki, ordumuzun müasirləşdirilməsi prosesi bundan sonra da davam edəcək.
Söhbət zamanı Azərbaycanın NATO-nun dəyərli tərəfdaşı olduğu vurğulanıb, Silahlı Qüvvələrimizin Əfqanıstanda "Qətiyyətli dəstək" əməliyyatlarındakı xidmətləri, bu xüsusda ölkəmizin regional nəqliyyat və logistika mərkəzi kimi töhfələri yüksək qiymətləndirilib, sülhməramlılarımızın Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olduğu qeyd edilib.
Azərbaycanın alyans üzvləri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinə toxunulub, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində ölkəmizin 1994-cü ildən alyansın proqramlarında fəal iştirak etdiyi bildirilib.
Görüşdə Azərbaycan-NATO əməkdaşlığının perspektivləri müzakirə olunub, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb..
Nümayəndə heyətinin Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin əsas aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri, Azərbaycan Ermənistan sülh prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.
İşğal tarixi, postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Ceyhun Bayramov, Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlar və sülh perspektivləri, bölgədə nəqliyyat dəhlizləri üzrə planlar barədə səfirlərə məlumat verib. Bununla yanaşı, bölgədəki mina təhdidi diqqətə çatdırılıb və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparılıb.
Daha sonra NATO nümayəndə heyətinin Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayevlə birlikdə işçi naharı baş tutub.
NATO nümayəndə heyətinin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündə, tərəflər məhsuldar və uğurlu Azərbaycan-NATO tərəfdaşlığı barədə geniş söhbət edib, regional təhlükəsizlik və Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi mövzusunda fikir mübadiləsi aparıb.
Azərbaycana səfər çərçivəsində, NATO nümayəndə heyəti, həmçinin “İnkişaf və Diplomatiya İnstitutu”nun ev sahibliyi ilə ADA Universitetini ziyarət edib. Nümayəndə heyəti ilə görüşən ADA Universitetinin prorektorları Fariz İsmayılzadə və Günay Ziyadova qonaqlara ADA Universitetinin təhsil keyfiyyəti və davamlı inkişafı barədə təqdimatla çıxış edib.
Ölkəmizə səfəri zamanı, NATO nümayəndə heyəti Bakı şəhərini gəzərək Azərbaycanın zəngin mədəniyyəti və tarixi ilə tanış olub.