Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev NATO mənzil qərargahına səfər etmişdir
15 yanvar 2025-ci il tarixində tərəfdaş dövlətlərin iştirakı ilə NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində keçirilən “Yayılmış qeyri-sabitlik” mövzusu üzrə iclasda iştirak etmək məqsədilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti NATO mənzil-qərargahına səfər etmişdir.
İclasın əsas məqsədi qeyri-sabitliyin bütün regionlara təsirinin müxtəlif aspektlərini, üzv və tərəfdaş dövlətlərin standartlaşdırma və uyarlılığın inkişaf etdirilməsi məsələlərini müzakirə etmək olmuşdur.
İclasda Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev öz nitqi ilə çıxış etmişdir. Çıxışında K. Vəliyev ölkəmizin NATO ilə əməkdaşlığının inkişaf perspektivlərindən, Azərbaycanın NATO-nun Qətiyyətli Dəstək Missiyası və digər əməliyyatlarına töhfəsindən, habelə Azərbaycan Ordusunun NATO-nun keçirdiyi müxtəlif təlim və tədbirlərdə iştirakı ilə əldə etdiyi təcrübədən bəhs etmişdir. Azərbaycanın Avro-Atlantik məkanında və onun hüdudlarından kənarda sülhə və təhlükəsizliyə daim töhfə verdiyini qeyd edərək, ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş tərəfdaş kimi beynəlxalq sülhə və təhlükəsizliyə daha çox töhfə vermək niyyətində olduğunu bildirmişdir. Sonda Baş Qərargah rəisi ITPP sənədinin bu günədək təsdiq olunmamasının təəssüf hissi doğurduğunu və tezliklə bu məsələnin müsbət həllini tapılacağına ümid etdiyini ifadə etmişdir.
NATO mənzil-qərargahına səfəri çərçivəsində general-polkovnik Kərim Vəliyev Türkiyənin Baş Qərargah rəisi Ordu generalı Metin Gürak, İtaliyanın Baş Qərargah rəisi Ordu generalı Lusiano Portolano və Macarıstanın Baş Qərargah rəisi Ordu generalı Qabor Böröndi ilə ikitərəfli görüşlər keçirmişdir. Görüşlərdə hərbi sahədə əməkdaşlıq, ikitərəfli əlaqələrin hazırki vəziyyəti və gələcək perspektivlərdən bəhs edilmiş, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Səfər çərçivəsində, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanın NATO yanında Nümayəndəliyini ziyarət etmiş, burada missiyanın nümayəndələri ilə görüş keçirmiş və Nümayəndəliyin iş fəaliyyəti ilə yaxından tanış olmuşdur.