Təlim və Təhsil

Silahlı Qüvvələrdə təhsil və təlimin inkişafına xüsusi diqqət yetirilir. NATO Qərargahları, Müttəfiq və Tərəfdaş ölkələrlə əməkdaşlıqda Müdafiə Nazirliyinin  daha çox səy göstərdiyi sahə məhz təhsil, tədris və təlim məsələləridir. Müdafiə Nazirliyi təhsil və təlim üzrə yaxşı nailiyyətlər əldə etmişdir və bu sahədə müxtəlif istiqamətləri özündə birləşdirən müfəssəl plana malikdir. Hərbi Məktəblər, Hərbi Akademiya,  Təlim və Tədris Mərkəzində Türkiyə təcrübəsinə əsaslanan tədris planlarından istifadə olunur. Bu da öz növbəsində NATO standartlarına əsaslanır. 2002-ci ildən etibarən Hərbi Məktəbləri bitirən bütün zabitlər, bu tədris planlarına uyğun olaraq təhsil almışlar.

Hərbi təhsil sisteminin inkişafında Azərbaycan FTƏP çərçivəsində NATO-nun, Müttəfiq və Tərəfdaş Ölkələrin yardım və dəstəyindən faydalanır. Azərbaycanın FTƏP sənədinin bir sıra məqsədləri, NATO standartlarının milli hərbi tədris və təlim sistemində tətbiq edilməsinə xidmət edir. Bu, milli tədris və təlim proqramlarının və tədris planlarının, taktiki, əməliyyat və strateji səviyyəli kursları, çavuşların təlimini əhatə edir və NATO standartlarına əsaslanaraq təkmilləşdirilməsini  nəzərdə tutur.

Hərbi təhsil müəssisələrində NATO standartlarının tətbiqinin daha da gücləndirilməsi barədə Müdafiə Nazirliyinin qərarına müvafiq olaraq,  təhsil, tədris və təlim sahəsində geniş və məqsədyönlü beynəlxalq dəstəyə yiyələnmək məqsədilə Azərbaycan NATO-nun Beynəlxalq Qərargahına müraciət etmişdir. 2008-2013 illər ərzində, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) cərçivəsində Azərbaycanın NATO ilə birgə Təhsil və Tədris üzrə Fəaliyyət Planının yerinə yetirilməsi təmin olunmuşdur. Bu daimi olaraq yenilənən müfəssəl plan ilk növbədə, hərbi təhsil sistemində NATO standartlarının tətbiq olunması, müasir metodologiya və vasitələrin istifadəsini, müdafiə islahatlarının aparılması üçün təkan və dəstəyi təmin etmək məqsədinə xidmət edir.

 

Arxiv üzrə axtarış