Mülki Fövqəladə Planlama sahəsində Azərbaycan-NATO əməkdaşlığı

Azərbaycanın NATO ilə əməkdaşlığında Mülki Fövqəladə Planlama (MFP) xüsusi yer tutur. Bu illər ərzində Azərbaycan NATO ilə MFP əməkdaşlığını davamlı şəkildə artırır. AATŞ daxilində çoxtərəfli əməkdaşlıq və FTƏP çərçivəsində ikitərəfli fəaliyyət bir-birini qarşılıqlı gücləndirən vasitələrdir.

Azərbaycan MFP Komitəsi və onun Planlama Qruplarının (mülki müdafiə, nəqliyyat, ictimai səhiyyə, ərzaq və su; sənaye resursları və kommunikasiyalar) AATŞ formatındakı iclaslarına fəal olaraq töhfə verir. Bu format fikir mübadiləsi, qarşılıqlı anlaşmanın qurulması və milli təcrübə üçün müvafiq alət və rəhbər sənədlərin hazırlanması üçün faydalı forum təşkil edir. Azərbaycan 2010-cu ilin mayında MFP Komitəsinin plenar iclasına, 2014-cü ilin sentyabr ayında Nəqliyyat Qrupunun daxili yerüstü nəqliyyat üzrə seminarına ev sahibliyi etmişdir. 

MFP Planlama Qruplarının NATO və AATŞ Tərəfdaş dövlətlərdən 300-dən çox mülki ekspert şəbəkəsi var. Mülki ekspert qrupları hər hansı bir konkret məsələdə dövlətlərə yardım etmək üçün səfərbər edilə bilər. Azərbaycandan nəqliyyat, ekologiya və kənd təsərrüfatı sahəsində nümayəndələr NATO-nun mülki eksperti kimi fəaliyyətlərə cəlb olunurlar. 

Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəz (EADRCC) NATO MFP-də mühüm rol oynayır. Bu qurum real fövqəladə hallar zamanı məlumat mübadiləsi ilə yardımı əlaqələndirir. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri 2009-cu ildən FCƏAAM könüllü milli töhfə qismində xidmət edirlər. 

Tərəfdaşlar üçün daha praktiki müstəvi MFP ilə əlaqəli təlimlərdə iştirak etmək imkanıdır. Bu xüsusda, Azərbaycan EADRCC tərəfindən keçirilən təlimlərdə və masaüstü seminarlarda maraqlıdır. Azərbaycan taqımları müvafiq olaraq Finlandiyada, Qazaxıstanda, Moldovada, Gürcüstanda, Ukraynada, Monteneqroda, Bosniya və Herseqovinada və Serbiyada keçirilmiş “UUSIMAA-2008”, “Jetsu-2009”, “CODRII-2011”, “Gürcüstan-NATO 2012”, “Ukrayna-2015”, “CRNA-GORA-2016”, “Bosniya-Herseqovina-2017” və “SRBIJA-2018 təlimlərində iştirak etmişdir. Belə təlimlər praktiki bacarıqları gücləndirir və canlı təcrübə mübadiləsi üçün şərait yaradır. 

Azərbaycan üçün digər nəzərə çarpan mənfəət NATO ilə ikitərəfli əsaslarda MFP əməkdaşlığıdır. İkitərəfli əməkdaşlıq prioritetləri Azərbaycanın Fərdi Tərəfdaşlıq Əməliyyat Planının müvafiq məqsədlərini yerinə yetirməyə yönəlib. Bu istiqamət 2005-ci ildə aidiyyəti qurumları vahid nazirlik tərkibində bir araya gətirən FHN-in yaradılmasından sonra daha da güclənmişdir. 2008-ci ilin noyabrında NATO-nun Məşvərətçi Dəstək Qrupu FHN-in imkanlarının inkişaf etdirilməsinə ekspertiza yardımı vermək üçün Azərbaycana səfər etmişdir. Bununla bağlı hazırlanmış hesabatda verilən tövsiyələr yardım, əməkdaşlıq və konkret addımlar üçün mühüm istiqamətlərdən olmuşdur.

Bundan əlavə, NATO-nun kommunikasiya və dənizçilik üzrə Məşvərətçi Dəstək Qrupları müvafiq olaraq 2010 və 2012-ci illərdə Bakıya səfər etmişdir. Həmin Qruplar müvafiq olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Dəniz Administrasiyasının qabiliyyətlərini nəzərdən keçirmiş və konkret sahələrdə imkanların inkişaf etdirilməsi və səmərəliliyin artırılması istiqamətində müvafiq təkliflər vermişlər. 

Arxiv üzrə axtarış