Meydana gələn təhlükəsizlik təhdidləri

Meydana gələn təhlükəsizlik təhdidləri təhlükəsizliyimizə təsir edən potensial və baş verməkdə olan  real qeyri-ənənəvi təhlükələrdir və ənənəvi siyasi vasitələrlə onların dəf edilməsi qeyri-münasibdir. Beynəlxalq terrorizm, kiber hücum, piratlıq, enerji təchizatına olan həmlə, eləcə də təbii və süni böhranlar milli sərhədləri aşan real təhdidlərdir. Meydana gələn qaçılmaz belə təhlükəsizlik təhdidləri effektiv olaraq təhlükəsizliyin təmin olunması üçün siyasi modelləri və vasitələri dəyişməyi labüd edir.

Meydana gələn təhlükəsizlik təhdidlərində mühüm enerji infrastrukturlarının qorunması vacib yer tutur. 2010-cu il NATO-nun Strateji Konsepsiyasına görə “NATO təkcə beynəlxalq terrorizmə qarşı müdafiə və onu aşkarlama gücünü artırmaq” deyil, həmçinin “mühüm infrastrukturların mühafizəsi, tranzit xətləri də daxil olmaqla enerji təhlükəsizliyinə töhfə vermək imkanını da inkişaf etdirmək” üzrə də fəaliyyət göstərir. Bu fəaliyyətə təhlükənin təhlili, strateji qiymətləndirmə, məsləhətləşmə, tərəfdaşlarla planlaşdırma və əməkdaşlıq daxildir. NATO Müttəfiq və Tərəfdaş ölkələri tərəfindən enerji infrastrukturlarının mühafizəsi və terrorizmə qarşı  fəaliyyət arasında üst-üstə düşən sahə üzrə əməkdaşlıq səyləri bu ehtiyaclara qarşı vacib cavab tədbirini təşkil edir.

Bunu nəzərə alaraq, NATO Azərbaycanı enerji təhlükəsizliyi üzrə əməkdaşlıqda vacib müttəfiq hesab edir. Azərbaycan aktiv olaraq enerji infrastrukturlarının mühafizəsi və bu sahədə terror təhdidlərinə qarşı mübarizə üzrə Avro-Atlantik Tərəfdaşlıq Şurasının (AATŞ) fəaliyyətində iştirak edir. 2008-ci ilin mart ayından etibarən Azərbaycan öz zəngin təcrübəsinə əsaslanaraq Enerji İnfrastrukturunun Mühafizəsi üzrə AATŞ-nin qeyri-formal İşçi Qrupuna sədrliyi həyata keçirir. Bu qrupun məqsədi enerji infrastrukturlarına qarşı yönəlmiş risk və təhdidlərin müəyyən edilməsindən ibarətdir.

Azərbaycan NATO ilə beynəlxalq birliyin birgə mübarizə aparmalı olduğu terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığı da vacib hesab edir. NATO terrorizmlə mübarizədə aktiv olaraq  fəaliyyət göstərir və təhlükə barədə məlumatlılıq və hazırlığın təkmilləşdirilməsi, müvafiq qabiliyyətlərin inkişaf etdirilməsi, tərəfdaşlar və digər beynəlxalq aktorlarla fəaliyyətin artırılması üzərində fəaliyyət göstərir. Azərbaycan terrorizmə qarşı hərbi cavab tədbirləri, terrorizmə qarşı milli treninq qabiliyyətlərinin artırılması, kəşfiyyat və məlumat mübadiləsi, sərhəd təhlükəsizliyi və terrorizmə qarşı mülki müdafiə tədbirləri də daxil olmaqla terrorizmə qarşı müdafiəyə uyğun geniş sahələr üzrə NATO və AATŞ ölkələri ilə qarşılıqlı əlaqələrini qurur.

Bundan əlavə, terrorizmə qarşı mübarizə Azərbaycan üçün prioritet sahə təşkil edir. Bu məqsədlə, Dövlət Təhlükəsizlik Xidməti Beynəlxalq Anti-Terror Təlim Mərkəzi yaratmışdır və bu Mərkəz iki tərəfli və çoxtərəfli əməkdaşlıq üçün əlavə vasitə rolunu oynayır. Bu Mərkəzin yaradılması beynəlxalq terrorizmlə mübarizədə Azərbaycana xarici ölkələrin təcrübəsini öyrənməyə kömək edəcək və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradacaq. Mərkəz təhsil, təlim və akademik araşdırma ilə məşğul olacaq. Azərbaycandan və digər ölkələrin müvafiq qurumlarından olan nümayəndələr terrorizmlə mübarizə üzrə seminar, kurslar və digər təlim və təhsil fəaliyyətlərində iştirak edəcəklər. Beynəlxalq Anti-Terror Təlim  Mərkəzi kurrikulumunun tərtib və inkişaf etdirməsi üçün NATO ilə əlaqəli təhsil və təlim mərkəzlərinin təcrübəsindən istifadə edir və NATO ilə  əməkdaşlıq edir.

Azərbaycan NATO ilə kiber müdafiə sahəsində də əməkdaşlığın aparılmasında maraqlıdır. Azərbaycanın kommunikasiya və informasiya infrastrukturu öncədən bilinməyən təhlükələrə qarşı etibarlı, təhlükəsiz, mühafizə olunan şəbəkənin olmasını labüd edir. Bu kontekstdə, Azərbaycan NATO ölkələri ilə kiber müdafiə sahəsində təcrübə mübadiləsi və təlimlərin keçirilməsinə maraq göstərir. NATO-nun tərəfdaş ölkələrlə kiber müdafiə sahəsində əməkdaşlığı müvafiq olaraq və İttifaqın qərarı ilə hər bir hal üçün fərdi qaydada həyata keçirilir. 

Arxiv üzrə axtarış