Azərbaycan və NATO Parlament Assambleyası

Dövlətlərarası parlament mexanizmləri siyasi, iqtisadi, sosial, həmçinin təhlükəsizlik məsələləri üzrə müzakirələrin əlaqələndirilməsi, təcrübə mübadiləsinin aparılması, qarşılıqlı anlaşma və ictimai konsensusun formalaşmasında əhəmiyyətli rol oynayır. Azərbaycan Avropa Şurasının və ATƏT-in Parlament Assambleyaları və MDB-nin Parlamentlərarası Assambleyası da daxil olmaqla, beynəlxalq parlament strukturlarının fəaliyyətlərində fəal təmsil olunur. Bu məqsədlə, o, NATO Parlament Assambleyasının (NATO PA) da fəaliyyətlərində fəal iştirak etməyi vacib hesab edir.  

Azərbaycanın NATO PA ilə əməkdaşlığı NATO PA-nın Polşada keçirilmiş Sessiyasında Azərbaycana müşahidəçi statusunun verildiyi tarixə, 1999-cu ilə təsadüf edir. Həmin tarixdən etibarən Azərbaycan parlamentariləri mühüm tədbirlərə cəlb edilməklə və terrorizmə qarşı beynəlxalq əməkdaşlıq, müdafiə sektorunun islahatı, qüvvələrin hərbi uyarlılığının inkişafı, NATO-nun transformasiyası və NATO-nun təhlükəsizlik sahəsində rolu da daxil olmaqla, transatlantik təhlükəsizlik məsələləri üzrə müzakirələrdə iştirak etməklə Azərbaycan-NATO PA əməkdaşlığının inkişafına töhfə vermişlər.    

2002-ci ildə NATO PA Azərbaycana assosiativ üzv statusunun verilməsi barədə qərar qəbul etmişdir. Hal-hazırda Azərbaycan nümayəndələrinin NATO PA tədbirlərində iştirakının əsas formaları bunlardır: Assambleyanın ildə iki dəfə keçirilən sessiyalarında, Komitə və Alt-Komitələrinin görüş və səfərlərində, NATO PA-nın Yeni Parlamentarilər Proqramında, həmçinin, ildə bir dəfə keçirilən Parlament Transatlantik Forumlar və  Ros-Rot seminarlarında iştirak və fikir mübadiləsinin aparılması.

Özünün parlamentariləri vasitəsi ilə NATO PA-nın digər dövlətlərdə keçirilən Ros-Rot seminarlarına fəal cəlb edilməklə yanaşı, Azərbaycan iki belə seminara ev sahibliyi etmişdir:

 

  • 25-27 noyabr 2004, NATO PA-nın “Cənubi Qafqazda Təhlükəsizlik üzrə” 58-ci Ros-Rot Seminarı. Azərbaycanda sabitlik, NATO-Azərbaycan münasibətləri və onun perspektivləri, Azərbaycanda demokratik islahatlar və bələdiyyə seçkiləri, Cənubi Qafqazın təhlükəsizliyi, Ermənistan-Azərbaycan münaqişəsi, onun regional sabitliyə və siyasi, iqtisadi və sosial inkişafa təsiri və münaqişənin həlli prosesində beynəlxalq ictimaiyyətin rolu, Xəzər dənizinin enerji resursları və onların Avropa bazarlarına nəqli və digər məsələlər seminar zamanı müzakirə edilən əsas məsələlər sırasında olmuşdur.
  • 6-8 mart 2008, NATO PA-nın “Xəzər regionunda təhlükəsizlik” üzrə 68-ci Ros-Rot Seminarı. Seminar zamanı Xəzər regionunda və Mərkəzi Asiyada təhlükəsizlik, siyasi və iqtisadi inkişaf, enerji təhlükəsizliyi və regiona aid digər məsələlər müzakirə olunmuşdur. Bundan əlavə, Seminarda regionun coğrafi mövqeyi və onun regional qüvvələrin siyasəti və təcrübəsinə təsiri, Əfqanıstanda təhlükəsizlik və demokratiyanın vəziyyəti, Mərkəzi Asiyada insan hüquqları, bazar iqtisadiyyatının inkişafı və dövlət quruculuğu kimi məsələlər də müzakirə olunmuşdur.     
  • 2014-cü ilin 16-18 iyun tarixlərində  “Cənubi Qafqaz: Çağırışlar və İmkanlar” adlı NATO PA-nın 86-cı Ros-Rot Seminarı Bakıda keçirilmişdir. İclasda Azərbaycanın xarici və təhlükəsizlik siyasəti prioritetləri, Avro-Atlantik inteqrasiya, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Azərbaycanda təhlükəsizlik sektorunda aparılan islahatlar, Krım böhranı və onun Cənubi Qafqaza təsirləri, 2015-ci ildən sonra Əfqanıstanda vəziyyət kimi məsələləri müzakirə edilmişdir.

NATO PA və Azərbaycanın müxtəlif səviyyəli nümayəndələri arasında müxtəlif çərçivələrdə baş tutan səfərlər mübadiləsi, qarşılıqlı faydalı görüşlər, məsləhətləşmə və müzakirələr bizim bu qurumla əməkdaşlığımızın güclənməsinə zəmin yaradır. Hazırkı tarixədək NATO PA-nın Komitə və Alt-Komitələrinin və yüksək rütbəli nümayəndələrinin ölkəmizə aşağıdakı səfərləri baş tutmuşdur.   

- 12-14 may 1999-cu il tarixlərində Şərq-Qərb İqtisadi Əməkdaşlıq və Yaxınlaşdırma Komitəsi. Səfər zamanı NATO PA və Azərbaycan nümayəndələri Azərbaycanın təhlükəsizlik vəziyyəti, Ermənistanın işğalçı siyasətinin davam etməsi və bu işğalın əhaliyə və regionun təhlükəsizliyinə törətdiyi fəsadlar, demokratik islahatlar və insan hüquqları, Azərbaycanın Qərblə münasibətləri, enerji təhlükəsizliyi və ölkəmizin enerji siyasəti, Azərbaycanda inkişafın siyasi və iqtisadi əsasları və makro-iqtisadi göstəricilər üzrə fikir mübadiləsi aparmışlar.         

- 17-19 yanvar 2002-ci il tarixlərində NATO PA-nın Prezidenti Rafael Estrella (İspaniya) Assambleyanın Baş Katibi Simon Lun ilə birlikdə Azərbaycana rəsmi səfər etmişdir. Səfər Milli Məclisin spikerinin dəvəti əsasında gerçəkləşmişdir. Səfər zamanı NATO PA Prezidenti həm Hökumət, həm də Milli Məclisdə yüksək rütbəli rəsmilərlə görüşmüşdür. Cənab Estrellanın Bakıya səfəri Azərbaycanın NATO PA-da müşahidəçi statusunun assosiativ üzv statusuna çevrilməsində mühüm rol oynamışdır.     

- NATO PA-nın Prezidentinin səfərinin ardınca 16-17 sentyabr 2002-ci il tarixlərində NATO PA-nın Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsinin Demokratik İdarəçilik Alt-Komitəsinin 15 üzvü Azərbaycanın siyasi, sosial, iqtisadi və təhlükəsizlik vəziyyəti ilə tanış olmaq məqsədilə ölkəmizə səfər etmişdir. Səfər Milli Məclisin vitse-spikerinin dəvəti əsasında Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılış mərasimi ərəfəsində baş tutmuşdur. Hökumət və Milli Məclisin yüksək rütbəli rəsmiləri NATO PA-nın nümayəndə heyətini Ermənistan-Azərbaycan münaqişəsi, onun yaratdığı fəsadlar, nəzarətsiz ərazilərin, o cümlədən Dağlıq Qarabağın mütəşəkkil qanunsuz fəaliyyətlər – narkotik vasitələrin və silah qaçaqmalçılığı üçün əlverişli zonaya çevrilməsi, münaqişənin həlli prosesi barədə məlumatlandırmış, Azərbaycan-NATO münasibətləri, həmçinin regional təhlükəsizlik və qonşu dövlətlərlə münasibətlər məsələləri üzrə müzakirələr keçirmiş, eləcə də Azərbaycana NATO PA-da assosiativ üzv statusunun verilməsinin mümkünlüyü üzrə məsləhətləşmələr aparılmışdır.            

- NATO PA-nın “Xəzər regionunda təhlükəsizlik” üzrə Bakıda keçirilən 68-ci Ros-Rot Seminarı ərəfəsində, 5 mart 2008-ci il tarixində NATO PA-nın növbəti Prezidenti cənab Jose Lello Azərbaycana səfər etmişdir. Səfər zamanı cənab Lello Azərbaycan Prezidenti, Baş Nazir, Xarici işlər və Müdafiə nazirləri ilə görüşlər keçirmiş və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparmışdır.

- 12-14 aprel 2010-cu il tarixlərində NATO PA-nın Siyasi Komitəsinin NATO Tərəfdaşlıqları Alt-Komitəsi Bakıya səfər etmişdir. Əsas məqsədin ölkədə və regionda hökm edən ən son vəziyyətlə tanış olmağın təşkil etdiyi səfərdə 8-i NATO dövlətlərindən olmaqla 14 parlamentari iştirak etmişdir. NATO PA-nın nümayəndə heyəti ölkəmizin yüksək rütbəli rəsmiləri, o cümlədən, Xarici İşlər və Müdafiə nazirləri, Milli Məclisin NATO PA üzrə nümayəndə heyətinin rəhbəri ilə görüşlər keçirmiş, Azərbaycanın Sülhməramlı Batalyonuna səfər etmişdir. NATO PA-nın nümayəndə heyəti Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsinin hazırkı vəziyyəti, ölkəmizin enerji siyasəti, iqtisadi-sosial inkişaf üzrə görülən tədbirlər, neft gəlirlərinin bölüşdürülməsi, infrastrukturun inkişafı sahəsində əldə edilmiş nailiyyətlər  barədə məlumatlandırılmışdır. Bundan başqa, səfər çərçivəsində baş tutan görüşlər zamanı, Azərbaycan-NATO əlaqələri, regional təhlükəsizlik məsələləri, o cümlədən qonşu dövlətlərlə münasibətlər, enerji təhlükəsizliyi, daxili siyasət kimi məsələlər ətrafında fikir mübadiləsi keçirilmiş, Azərbaycan rəsmiləri nümayəndə heyətinin suallarını cavablandırmışdır.        

Arxiv üzrə axtarış