2014-09-04

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin NATO-nun Uels Sammiti çərçivəsində Alyansın Qətiyyətli Dəstək missiyası üzrə əməliyyat tərəfdaşlarının iştirakı ilə dövlət və hökumət başçıları səviyyəsində keçirilən iclasda çıxışı

Nyuport şəhəri, 4 sentyabr 2014-cü il

- Hörmətli cənab baş katib.

Xanımlar və cənablar.

Azərbaycan ilə NATO arasında tərəfdaşlığın iyirmi ili ərzində ölkəmiz Alyansın bir çox fəaliyyət sahəsinə töhfə verən etibarlı tərəfdaşa çevrilib.

Azərbaycan regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında mühüm rol oynayan ölkədir. Bununla belə, bu gün regionumuzdakı təhlükəsizliyə ən böyük hədə Azərbaycan ərazisinin iyirmi faizini təşkil edən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal altında saxlayan Ermənistanın işğalçılıq siyasətidir. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bunun nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əfsuslar olsun ki, Ermənistan onlara məhəl qoymamaqda davam edir və münaqişə həll olunmamış qalır.

Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir.

Biz NATO-nun bu məsələ ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi tam dəstəyi yüksək dəyərləndiririk. Biz qətiyyətlə inanırıq ki, NATO-nun beynəlxalq hüququn bu cür mühüm hissəsinə sadiqliyi bundan sonra da davam edəcək. Beləliklə, o, ədaləti bərpa etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc hesabına dəyişmək kimi səhv düşüncədən yayındırmağa birmənalı şəkildə yardım edir.

Azərbaycan Əfqanıstana uzunmüddətli inkişafın təmin edilməsi üçün hərtərəfli töhfə verir. Azərbaycan bu sammitin bütün üç sahəsinə töhfə verən NATO-nun 5 tərəfdaşından biridir. Azərbaycanın hərbi kontingenti lap ilkin vaxtlardan İSAF qüvvələrində xidmət edir. Azərbaycanın müxtəlif akademiyalarında Əfqanıstanın hüquq mühafizə və hökumət rəsmiləri üçün geniş təlim proqramları həyata keçirilir. Əfqanıstanın Milli Ordusunun Qəyyumluq Fonduna 3 milyon avro keçirilib, digər 1 milyon isə istehkam əməliyyatlarına sərf olunub.

İSAF qüvvələri üçün məhvetmə gücünə malik olmayan malların tranzitinin 40 faizi Azərbaycan tərəfindən təmin edilir.

Bundan əlavə, gələcəkdə iştirak edəcəyimiz “Qətiyyətli dəstək” əməliyyatı üçün mühüm tranzit imkanları yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi gələn bir neçə ay ərzində başa çatdırılmalıdır. Xəzər regionunda ən böyük Azərbaycan Beynəlxalq Dəniz Limanı ilə birgə bu dəmir yolu xətti həm bütün region, həm Əfqanıstan üçün böyük ticari və iqtisadi imkanlar açacaq. Bu, Uzaq Şərq ilə Avropanı birləşdirən marşrutun tam ortasında yerləşən Əfqanıstana iqtisadi inkişaf verə bilər. Müstəqilliyin ilk illərində durğunluq və böhrandan davamlı sabitlik və sürətli iqtisadi artıma keçmiş ölkə kimi Azərbaycan öz təcrübəsini Əfqanıstan ilə bölüşməyə və həmin ölkədə müxtəlif yenidənqurma və sərmayə layihələrində iştirak etməyə hazırdır. Sağ olun.

Arxiv üzrə axtarış