2021-10-19

NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfər edib

NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfər edib

NATO Baş katibinin yeni təyin olunmuş siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın başçılıq etdiyi nümayəndə heyəti 18 oktyabr 2021-ci il tarixində Azərbaycana səfər edib. Bu səfər X.Kolominanın ölkəmizə ilk rəsmi səfəri olub.

Səfər çərçivəsində X.Kolomina Milli Məclisin sədri Sahibə Qafarova, Xarici İşlər naziri Ceyhun Bayramov və Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə ikitərəfli görüşlər keçirib. Bundan əlavə, NATO-nun xüsusi nümayəndəsi ADA Universitetində tələbələrlə görüşüb və oradakı dəyirmi masa müzakirəsində iştirak edib.

Görüşlər əsnasında X.Kolominaya Ermənistan tərəfindən ölkəmizə qarşı onilliklər ərzində həyata keçirilmiş təcavüzkar siyasətin nəticələri, 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımızın işğalının müzəffər ordumuz tərəfindən aradan qaldırılması və hazırda Azərbaycan Hökuməti tərəfindən azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib. 

Azərbaycanın regionda sülh və əmin-amanlığın bərpa olunmasına çalışması və Ermənistanın 10 noyabr Üçtərəfli Bəyanatından bir ilə yaxın vaxt keçdiyi halda beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, hələ də bütün mina xəritələrini təqdim etməməsi NATO xüsusi nümayəndəsinin diqqətinə çatdırılıb. Eyni zamanda, qeyd edilib ki, ərazilərimizin işğalı amilinin aradan qaldırılması ilə Azərbaycan beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır.

X.Kolomina Azərbaycan-NATO münasibətlərinin hazırkı səviyyəsi ilə bağlı məmnunluq ifadə edib və Alyansın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Xüsusi nümayəndə Azərbaycan sülhməramlılarının NATO-nun Əfqanıstandakı missiyası çərçivəsində Kabil hava limanında göstərdikləri fədakar xidmətə görə, NATO müttəfiq ölkələri adından Azərbaycana təşəkkür edib. X.Kolomina NATO-nun Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini ifadə edib.

Görüşlərdə tərəflər, həmçinin regiondakı son inkişaflar, Azərbaycan dövlət sərhədindəki vəziyyət, NATO-Azərbaycan praktiki əməkdaşlığının gündəliyi və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

 

Arxiv üzrə axtarış