Tərəfdaşlıq Qərargah Vəzifəsi

NATO tərəfdaşı ölkələrdən olan zabitlərin Alyansın təlim proqramları, sülhməramlı missiya və təlimlərində iştirakı onların NATO-dakı digər həmkarları ilə tam uyarlı yeni nəsil zabit kimi formalaşmasına imkan yaradır. Bu baxımdan NATO-nun Tərəfdaşlıq Qərargah Vəzifəsi (Partnership Staff Post/PSP) Proqramı ən önəmli vasitədir. PSP proqramı, tərəfdaş ölkələrdən olan hərbiçilərin fərqli NATO qərargahlarında müttəfiq ölkələrin hərbiçilərilə birgə xidmət etməsinə və beləliklə də, onların müvafiq təcrübə və bilik toplamasına şərait yaradır. Azərbaycan bu alətdən səmərəli istifadə edir və 2002-ci ildən bəri PSP postları üçün 40-dan çox zabit təmin edib.

NATO-nun müxtəlif mənzil-qərargahlarında fərqli ölkələrdən olan zabitlərlə birgə xidmət edən Azərbaycan zabitləri NATO standartları və proseduralarına, eləcə də beynəlxalq qərargahların iş təcrübəsi ilə bağlı biliklərə yiyələnirlər. PSP zabitlərinin əldə etdikləri bilik və təcrübədən Silahlı Qüvvələrimizdə davamlı həyata keçirilən islahatlar zamanı səmərəli istifadə olunur.

Azərbaycan NATO-nun PSP proqramına ən böyük töhfə verən tərəfdaş ölkələrdəndir. Proqramda iştirakın həm Azərbaycan, həm də NATO üçün qarşılıqlı faydası vardır.

Zabitlərimiz öz üzərinə düşən vəzifələri yerinə yetirir və NATO-nun Tərəfdaşlıq Proqramlarına töhfə verirlər. Hazırda Azərbaycandan olan bir neçə PSP zabiti NATO-nun müxtəlif qərargahlarında, həmçinin müttəfiq və tərəfdaş ölkələrdə keçirilən NATO kurs, məşq və təlimlərinin, eləcə də konfransların təşkilində ekspert kimi fəal iştirak edirlər.

Arxiv üzrə axtarış