2018-11-28

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin mətbuat üçün məlumatı

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Qaya Məmmədov 28 noyabr 2018-ci il tarixində NATO-nun Mənzil Qərargahında öz etimadnaməsini Alyansın Baş katibi Yens Stoltenberqə təqdim etmişdir.

Görüş zamanı Nümayəndəliyin başçısı Q.Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Baş katibə çatdırmışdır. Görüşdə Azərbaycan və NATO arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Nümayəndəliyin başçısı Q.Məmmədov Azərbaycanın NATO-nun “Sülh naminə Tərəfdaşlıq” proqramında iştirakına böyük əhəmiyyət verdiyini bildirərək, ölkəmizin Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması sahəsində NATO ilə birgə səylərini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırmışdır.

Q.Məmmədov Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə sülh prosesi barədə məlumat vermiş, NATO-nun son Brüssel zirvə toplantısının yekun bəyanatında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə ifadə edilən dəstəyin və münaqişənin bu prinsiplər əsasında həllinə çağıran mövqeyinin təqdir edildiyini vurğulamışdır.

NATO-nun Baş katibi Y.Stoltenberq öz növbəsində salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş etmiş və Azərbaycan-NATO əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə etmişdir. Baş katib Azərbaycanı Alyansın etibarlı tərəfdaşı adlandırmış və Azərbaycan tərəfindən NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək əməliyyatına, eləcə də Əfqan ordusu üzrə Etimad Fonduna verilən töhfələrə görə təşəkkürünü bildirmişdir.

Arxiv üzrə axtarış