Azərbaycanla NATO arasında münasibətlərin tarixi Azərbaycanın bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə NATO-nun yeni yaradılmış məşvərətçi forumuna – Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası) qoşulduğu 1992-ci ilin mart ayına təsadüf edir.
Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur.
Ötən 30 il ərzində Azərbaycan və NATO arasında məzmunlu siyasi dialoq və müxtəlif sahələr üzrə güclü praktiki əməkdaşlıq vasitəsilə qarşılıqlı-faydalı tərəfdaşlıq qurulmuşdur. Beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında NATO-nun rəhbərlik etdiyi sülhə dəstək əməliyyat və missiyalarına əhəmiyyətli töhfələri, NATO müttəfiq və tərəfdaşlarının enerji təhlükəsizliyinin təminində oynadığı önəmli rol sayəsində Azərbaycan Alyansın etibarlı tərəfdaşı kimi tanınmışdır.
SNT prinsipləri əsasında NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində tərəfdaşlığın gündəliyində duran məsələlər, habelə qlobal və regional təhlükəsizliyə aid məsələlər müzakirə olunur. Qarşılıqlı anlayışa əsaslanan, yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlıq sahəsində əməkdaşlığı təşviq edir.
Azərbaycan və NATO arasında davamlı yüksək səviyyəli qarşılıqlı səfərlər tərəfdaşlığımızın inkişafında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti ümumilikdə 9 dəfə (1994, 1996, 2004, 2006, 2009, 2012, 2014, 2017 və 2021-ci illərdə) NATO mənzil-qərargahına səfər etmiş və Şimali Atlantika Şurasının iclaslarında iştirak etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti ümumilikdə NATO-nun 10 zirvə görüşünün dövlət və hökumət başçıları səviyyəsində iclaslarında (1997, 1999, 2002, 2004, 2008, 2010, 2012, 2014, 2016 və 2018-ci illərdə) iştirak etmişdir. NATO Baş katibinin isə ümumilikdə 7 dəfə (1997, 1998, 2001, 2003, 2004, 2012 və 2024-cü illərdə) Azərbaycan Respublikasına səfəri həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 2021-ci il dekabrın 14-də NATO-nun mənzil-qərargahına son səfəri Azərbaycan-NATO tərəfdaşlığına yeni təkan vermiş və növbəti yüksək səviyyəli təmaslara zəmin yaratmışdır.
Azərbaycan SNT Çərçivə Sənədi, eləcə də ikitərəfli əməkdaşlığı nəzərdə tutan sənədlərdə əks olunmuş məqsəd və prinsiplərin yerinə yetirilməsi məqsədi ilə NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal istifadə edir. Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsipləri əsas etibarı ilə Azərbaycanın SNT Təqdimat Sənədi (1996), Planlaşdırma və Analiz Prosesi (1997) və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (2004) öz əksini tapmışdır.
Azərbaycanın 2004-cü ildə qoşulduğu Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) müntəzəm siyasi dialoq həyata keçirməyə, ikitərəfli tərəfdaşlığı sistemləşdirməyə və eləcə də qarşılıqlı maraq doğuran məsələlər ilə bağlı əməkdaşlıq tədbirlərini razılaşdırmağa imkan vermişdir. Azərbaycan 2005-2007, 2008-2010, 2012-2013 və 2014-2016 və 2017-2019-cu illəri əhatə edən I, II, III, IV və V dövr FTƏP sənədlərini uğurla bitirmişdir. SNT Təqdimat Sənədi əsasında hazırlanan FTƏP çərçivəsində Azərbaycan hər il 200-dən artıq NATO tədbirində iştirak edir.
Digər mühüm mexanizm NATO qüvvələrinin iştirakı ilə çoxmillətli əməliyyatlara və hərbi təlimlərə göndərilə biləcək qüvvələri müəyyən etmək və qiymətləndirməkdə tərəfdaşlara yardım etməyi nəzərdə tutan Planlaşdırma və Analiz Prosesidir (PAP). PAP tərəfdaş dövlətə NATO təcrübəsinə uyğun müdafiə planlamasının təşkil edilməsinə yardım edir.
2022-ci ildən etibarən tərəfdaşların, o cümlədən Azərbaycanın NATO tərəfindən mövcud tərəfdaşlıq sənədlərinin vahid sənəddə cəmlənməsinə yönəlmiş Fərdi Uyğunlaşdırılmış Tərəfdaşlıq Proqramı (Individually Tailored Partnership Program/ITPP) adlı mexanizmə keçidi başlanmışdır. ITPP sənədi Azərbaycanın FTƏP və PAP tərəfdaşlıq sənədlərini tam olaraq əvəz edəcək.
Müdafiə və təhlükəsizlik sektorunda islahatlar, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi və hərbi uyarlılıq, NATO-nun sülhə dəstək əməliyyat və missiyalarında iştirakla yanaşı, Azərbaycan-NATO praktiki əməkdaşlığı geniş spektrli olmaqla, enerji təhlükəsizliyi, fövqəladə hallara hazırlıq, meydana çıxan təhlükəsizlik çağırışları ilə mübarizə, ictimai diplomatiya, humanitar minatəmizləmə və digər qarşılıqlı maraq doğuran qeyri-hərbi sahələri də əhatə edir.