Azərbaycanın NATO ilə praktiki əməkdaşlığında önəmli hissəsini təşkil edən ictimai diplomatiya NATO-nun siyasəti və Azərbaycan-NATO tərəfdaşlığı haqqında məlumatlılılığın artırılmasında mühüm rol oynayır.
NATO-nun İctimai diplmatiya bölməsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif sahələrini əhatə edən bir çox seminar, dəyirmi masa və digər tədbirlər müntəzəm olaraq təşkil edilir. Belə ki, indiyə qədər bir neçə dəfə ölkəmizin tədris mərkəzlərinin tələbələrinin, habelə ictimai fikrin formalaşmasında rol oynayan nümayəndələrin, gənc diplomatların NATO mənzil-qərargahına səfərləri təşkil edilmişdir. Bu xüsusda baş tutmuş son səfərlər olaraq 21-23 iyun 2023-cü il tarixində ölkəmizin aidiyyəti dövlət qurumlarının mətbuat və ictimaiyyətlə əlaqələrə cavabdeh nümayəndələrindən ibarət heyətin NATO mənzil-qərargahına səfərini göstərmək olar.
Səfər çərçivəsində nümayəndə heyəti NATO-nun müxtəlif struktur vahidləri tərəfindən Alyansın ictimai diplomatiya və strateji kommunikasiyalar, dezinformasiyaya qarşı mübarizə sahəsində təcrübəsi və yanaşmaları, sosial media, həmçinin media məkanında texnoloji yeniliklər və innovativ üsulların tətbiqi və digər bu kimi mövzulara həsr olunan brifinq və dəyirmi masa müzakirələrində iştirak etmişdir.
Eyni zamanda 16-17 dekabr 2024-cü il tarixində, Azərbaycan Xarici İşlər Nazirliyinin gənc diplomatlardan ibarət qrupunun NATO mənzil-qərargahına və NATO-nun Avropadakı Ali Baş Komandanlığının (SHAPE) Qərargahına iki günlük səfəri baş tutmuşdur. Gənc diplomatlara NATO-nun cari gündəliyi, Alyansın üzləşdiyi təhlükəsizlik çağırışları və Alyansın hibrid və kibertəhlükəsizlik siyasətləri və tərəfdaşlıqları barədə brifinqlər verilmişdir.
Bununla yanaşı NATO nümayəndələrinin Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə iştirakı Azərbaycan-NATO tərəfdaşlığı haqqında ictimai məlumatlılığın artırılmasına töhfə verir. Bu xüsusda 1-3 may 2024-cü il tarixində Bakıda keçirilən "Sülh və Qlobal Təhlükəsizlik üçün Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqə" mövzusunda 6-cı Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində NATO Baş Katibinin İctimai Diplomatiya üzrə köməkçisinin müavini xanım Karmen Romeronun iştirak etmişdir.
Vurğulamaq lazımdır ki, 15 il ərzində fəaliyyət göstərən Azərbaycan NATO Beynəlxalq Məktəbi Azərbaycan-NATO tərəfdaşlığı çərçivəsində bir sıra əməkdaşlıq məsələlərinin müzakirəsi üçün effektiv bir forum rolunu oynamışdır.
Bundan əlavə, ictimai diplomatiya siyasətinə dəstək olaraq 1990-cı ildən etibarən NATO-nun tərəfdaş ölkələrdə Təmas Səfirlikləri fəaliyyət göstərməkdədir. Təmas Səfirlikləri tərəfdaş ölkələrlə razılaşdırılmış fəaliyyətlərin həyata keçirilməsinə dəstək vermək, ictimai diplomatiya imkanlarını müəyyənləşdirmək, tədbirlər təşkil etmək kimi fəaliyyətlər həyata keçirməkdədir. 2025-2027-ci illərdə ölkəmizdə NATO-nun Təmas Səfirliyi fəaliyyətini Slovakiya və İsveç həyata keçirəcəkdir.