“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Meydana gələn təhlükəsizlik təhdidləri

Dünyadakı mövcud geosiyasi vəziyyət və onun inkişaf dinamikası müxtəlif sahələrdə yeni təhdidlər və çağırışlar yaradır. Bu gün Müttəfiqlər və Tərəfdaşlar enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, enerji infrastrukturuna hücumlar, beynəlxalq terrorizm və milli sərhədləri aşan kiberhücumlar kimi təhlükə və çağırışlarla üzləşirlər. Yeni yaranan təhlükəsizlik çağırışları real və qeyri-ənənəvi təhlükələrdir və mövcud siyasət modelləri onların həllində yetərli deyil. Belə təhdidlərin effektiv şəkildə aradan qaldırılması üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi və siyasət yanaşmalarımızın dəyişdirilməsi tələb olunur. Bu məsələnin aktuallığını nəzərə alaraq, Alyans bu çağırışlarla bağlı yeni biliklər, siyasətlər və fəaliyyətlər hazırlamağa davam edir və Müttəfiqlər və Tərəfdaşların məlumatlılığını artırır.

Meydana gələn təhlükəsizlik təhdidləri çərçivəsində Azərbaycan NATO ilə enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və təhlükəsizliyi, terrorizmlə mübarizə və kibermüdafiə istiqamətində əməkdaşlıq edir.

2023-cü ildə keçirilmiş NATO Vilnüs Sammitinin Kommunikesində enerji təhlükəsizliyinin Müttəfiqlərin ümumi təhlükəsizliyində mühüm rol oynadığı vurğulanmışdır. Son enerji böhranı sabit və etibarlı enerji təchizatının, eləcə də marşrutların, təchizatçıların və mənbələrin şaxələndirilməsinin vacibliyini bir daha göstərmişdir. Müttəfiqlər enerji ehtiyac və şərtlərinə uyğun olaraq enerji təchizatlarının şaxələndirilməsinə çalışırlar və bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər.

Tərəfdaşlığımızın vacib bir elementi kimi, Azərbaycan və NATO arasında bütün səviyyələrdə aparılan siyasi dialoq, eləcə də hər iki tərəfin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri Müttəfiqlərin və tərəfdaşların enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır.

NATO Baş katibinin 17-18 mart 2024-cü il tarixlərində Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə görüşü zamanı enerji təhlükəsizliyi məsələlərinə də toxunulmuşdur.

İqlim dəyişikliyi və təhlükəsizliyi, NATO, müttəfiqlər və tərəfdaşlar üçün gündəmdə olan ən vacib məsələlərdən biridir.

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində milli, regional və qlobal səviyyədə göstərdiyi liderlik və səylər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Bunun əyani sübutu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi ölkə kimi Azərbaycanın yekdilliklə seçilməsidir. Bu qərar beynəlxalq ictimaiyyətin Azərbaycana olan hörmət və etimadının göstəricisidir və ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayan bir tərəfdaş kimi tanınmasını əks etdirir. COP29-a ev sahibliyi etmək Azərbaycan üçün mühüm bir mərhələdir və biz iqlim dəyişikliyi problemlərinin həllində qlobal həmrəylik və birliyi daha da təşviq etməyə sadiqik.

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti