“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
NATO-nun Başçılığı Altında Əməliyyatlara Töhfə

Azərbaycan Respublikası Avro-Atlantik məkanda təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə sanksiyalaşdırılmış, NATO-nun rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarında iştirak edir. Azərbaycan 1999-2008-ci illərdə NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında (KFOR), 2002-2014-cü illərdə isə NATO-nun Əfqanıstanda həyata keçirilən ISAF əməliyyatında iştirak etmişdir.

Azərbaycan 2015-ci ildən başlayaraq NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək adlı təlim, məsləhət və dəstək missiyasına töhfə verərək, 94 nəfərlik birliyi Qətiyyətli Dəstək missiyasının tərkibində xidmət etmişdir.

2014-cü ildən etibarən Azərbaycan Hökuməti və NATO-nun həmtəşkilatçılığı ilə Əfqanıstanın dövlət institutlarının yüksək və orta rütbəli rəsmiləri üçün “Silahlı Qüvvələr üzərində Mülki Nəzarət” mövzusunda seminarlar təşkil edilmişdir. Sonuncu belə seminar 2016-cı ilin 28-30 mart tarixlərində Bakı şəhərində ADA Universitetində keçirilmişdir.

2010-cu ildən başlayaraq ADA Universiteti keçid kontekstində idarəçiliyin yaxşılaşdırılmasına töhfə qismində GSCP (İsveçrə) ilə birgə əfqan rəsmiləri üçün təlimlər həyata keçirmişdir. Sayca beşinci belə təlim 2014-cü ilin oktyabr ayında “Keçid dövründə dövlət quruculuğu” mövzusunda uğurla baş tutmuşdur. Təlimdə Əfqanıstanın müxtəlif dövlət qurumlarından iyirmi nəfər nümayəndə iştirak etmişdir. 

Xarici İşlər, Daxili İşlər, Müdafiə, Fövqəladə hallar, Səhiyyə nazirlikləri, DSX və digər aidiyyəti dövlət orqanları tərəfindən terrorçuluqla mübarizə, sərhəd təhlükəsizliyi, yaxşı idarəetmə sahələrində əfqan rəsmiləri üçün müxtəlif təlim və kurslar təşkil edilmişdir. Bununla yanaşı, ikitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan öz hərbi təhsil institutlarında əfqan kursantlarına təlim keçirməyə hazır olduğunu ifadə etmişdir.

ANAMA humanitar mina təmizləmə sahəsində Əfqanıstana fəal dəstək göstərmişdir. Görülmüş işlərə treninqlər, ofis avadanlığının ianə edilməsi, yerli dillərdə mina agahlığının artırılması üçün kitab və materialların hazırlanması, minalara dair məlumatlandırma sahəsində müəllimlərin treninqi daxil olmuşdur.

Azərbaycan hərbi qulluqçuları NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasında əsas vəzifə olan Həmid Kərzai Beynəlxalq Hava Limanının mühafizəsini təmin edərək, 2021-ci ildə Əfqanıstandakı missiyanın başa çatması ilə əlaqədar NATO qüvvələrinin təxliyə prosesində fəal iştirak etmişdirlər. Əməkdaşlığa güclü sədaqətimizin təzahürü kimi Azərbaycan 2021-ci ilin avqust ayının sonunda Əfqanıstanı tərk edən sonuncu koalisiya qüvvələri olmuşdur.

NATO-nun İraq Missiyası (NİM)

NATO-nun İraq Missiyası Alyansın İraqdakı qeyri-döyüş, məşvərətçi və potensialın artırılmasına yönəlmiş missiyasıdır. Onun məqsədi dayanıqlı, şəffaf, inklüziv və səmərəli silahlı qüvvələr və təhlükəsizlik qüvvələri qurmaq üçün İraq hökumətinə yardım göstərməkdir.

Missiyanın yaradılması barədə qərar İraq hökumətinin müraciəti əsasında NATO-nun 2018-ci il Brüssel Sammitində qəbul edilmişdir.  NATO-nun 2024-cü il Vaşinqton Sammitinin NİM ilə bağlı qərarında Missiyanın genişlənəcəyinə işarə edilmişdir. İraq hökumətinin müraciətinə əsasən Müttəfiqlər bu dövlətin təhlükəsizlik institutlarına dəstəyi genişləndirdiklərini və NİM çərçivəsində İraq tərəfi ilə qarşılıqlı əlaqələrin davam etdiriləcəyi bildirilmişdir.

2019-cu ildə Azərbaycan Respublikası NATO-nun NİM missiyasına töhfə vermək niyyətini ifadə etmişdir. 2019-cu ilin sonunda Şimali Atlantika Şurası Azərbaycanı NİM üzrə potensial əməliyyat tərəfdaşı kimi tanımışdır.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti