Azərbaycan NATO ilə parlamentlərarası sahədə əməkdaşlığa önəm verir. 1999-cu ildə Polşada keçirilən NATO Parlament Assambleyasının sessiyasında müşahidəçi statusu əldə edən Azərbaycan 2002-ci ildən NATO PA-nın assosiativ üzvü statusuna malikdir.
Azərbaycan Respublikası Milli Məclisinin üzvlərindən ibarət NATO PA-da təmsil olunan nümayəndə heyəti NATO PA-nın plenar sessiyalarında, komitə və alt-komitə iclaslarında və Rose-Roth seminarlarında iştirak edir.
Azərbaycan nümayəndə heyəti transatlantik təhlükəsizlik məsələləri, o cümlədən terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq, təhlükəsizlik sektoru islahatları, hərbi uyarlılığın inkişafı, enerji təhlükəsizliyi kimi mövzularda müzakirələrdə iştirak edərək Azərbaycan-NATO PA əməkdaşlığının inkişafına töhfə vermişdir.
Qarşılıqlı səfərlər və görüşlər Azərbaycan ilə NATO PA arasında tərəfdaşlığın mühüm tərkib hissəsidir.
12-14 may 1999-cu ildə NATO PA Şərq-Qərb İqtisadi Əməkdaşlıq və Konvergensiya Alt-Komitəsinin Azərbaycana etdiyi səfər zamanı NATO PA nümayəndələri ilə Azərbaycan rəsmiləri təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyi və Azərbaycanın enerji siyasətini müzakirə etmişdir.
17-19 yanvar 2002-ci ildə NATO PA Prezidenti Rafael Estrella (İspaniya) və Assambleyanın Baş Katibi Simon Lunn Azərbaycana səfər etmişdir. Səfər Azərbaycanın NATO PA-da müşahidəçi statusundan assosiasiya üzvü statusuna keçməsində mühüm rol oynamışdır.
16-17 sentyabr 2002-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin dəvəti ilə NATO PA Demokratik İdarəetmə Alt-Komitəsinin Üzvləri Azərbaycana səfər etmişdir. Bakı-Tbilisi-Ceyhan kəmərinin açılış mərasimi ərəfəsinə təsadüf edən səfər çərçivəsində Azərbaycan-NATO və NATO PA münasibətləri, Azərbaycanın assosiativ üzvlüyü məsələsi, regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparmışdır.
NATO PA Prezidenti Xose Leyo 2008-ci ilin mart ayında "Xəzər Regionunda Təhlükəsizlik" mövzusunda keçirilən 68-ci Rose-Roth seminarı çərçivəsində Azərbaycana səfər etmişdir. Səfər zamanı, X.Leyonun Azərbaycan Respublikasının Prezidenti, Baş naziri, xarici işlər və müdafiə nazirləri ilə görüşləri keçirilmiş, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılmışdır.
12-14 aprel 2010-cu ildə NATO PA Siyasi Komitəsinin NATO Tərəfdaşlıq Alt-Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edərək yüksək vəzifəli rəsmilərlə, o cümlədən xarici işlər və müdafiə nazirləri, eləcə də Azərbaycanın NATO PA üzrə nümayəndə heyətinin rəhbəri ilə görüşlər keçirmişdir. Nümayəndə heyəti, həmçinin Azərbaycanın Sülhməramlı Batalyonuna da baxış keçirmişdir. Səfər zamanı, tərəflər Azərbaycan-NATO münasibətləri, regional təhlükəsizlik və enerji təhlükəsizliyi məsələləri barədə müzakirələr aparmışdır.
12-14 sentyabr 2018-ci ildə NATO PA Prezidenti Paolo Allinin başçılığı ilə Assambleyanın İqtisadi və Təhlükəsizlik Məsələləri Komitəsinin Keçid və İnkişaf Alt-Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində, Assambleya Prezidentinin Azərbaycan Respublikasının Prezidenti ilə görüşü baş tutmuş, görüş zamanı NATO-Azərbaycan əməkdaşlığı, regional təhlükəsizlik və enerji təhlükəsizliyi məsələləri müzakirə edilmişdir.
Azərbaycan NATO PA-nın digər ölkələrdə keçirilən Rose-Roth seminarlarında iştirak etməklə yanaşı, eyni zamanda üç belə seminara ev sahibliyi etmişdir.
Belə ki, Azərbaycan 25-27 noyabr 2004-“Cənubi Qafqazda Təhlükəsizlik” mövzusunda 58-ci NATO PA Rose-Roth seminarına, 06-08 mart 2008-ci ildə “Xəzər Regionunda Təhlükəsizlik” mövzusunda 68-ci NATO PA Rose-Roth seminarına və 16-18 iyun 2014-cü ildə Cənubi Qafqaz: Çağırışlar və İmkanlar” mövzusunda 85-ci NATO PA Rose-Roth seminarına ev sahibliyi etmişdir. Qeyd olunan seminarlarda Azərbaycanın xarici və təhlükəsizlik siyasətinin prioritetləri, Azərbaycanda müdafiə və təhlükəsizlik sektoru islahatları, NATO-Azərbaycan tərəfdaşlığı və perspektivləri, enerji təhlükəsizliyi və Qafqaz və Xəzər bölgələrində bu sahədə yeni əməkdaşlıq imkanları, 2014-cü ildən sonra Əfqanıstandakı vəziyyət və digər regional məsələlər müzakirə edilmişdir.
Bundan əlavə, Azərbaycan enerji təhlükəsizliyi, kritik enerji infrastrukturunun mühaifzəsi, iqlim dəyişikliyi, yaşıl enerjiyə keçid və kiber təhlükəsizlik kimi meydana çıxan təhlükəsizlik çağırışları sahələrində NATO PA-da müttəfiqlərlə müzakirələrdə aktiv iştirak edir.
Azərbaycanın NATO müttəfiq və tərəfdaşlarının enerji təhlükəsizliyində önəmli rolunun Assambleyanın bir neçə hesabatında qeyd olunması və ölkəmizin bu xüsusda etibarlı tərəfdaş kimi rolunun tanınması Azərbaycanın NATO PA ilə uğurlu əməkdaşlığının bariz nümunəsidir.