9 May – Faşizm Üzərində Qələbə Günü
Bu gün Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin və Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyinin heyəti İkinci Dünya Müharibəsi zamanı Belçikada həlak olmuş azərbaycanlı əsgərin məzarını ziyarət etmiş, müharibənin milyonlarla qurbanının və sülh, azadlıq və insan ləyaqəti uğrunda mübarizə aparan bütün qəhrəmanlarımızın əziz xatirəsini qürur və ehtiram hissi ilə yad etmişdir.
Azərbaycanda onun ərazisindən kənarda baş vermiş bu müharibənin təsirsiz ötüşdüyü bir ailə belə yoxdur. Müharibəyə gedən 700 min azərbaycanlının yarısı həlak olmuş və onların çoxu döyüşlərdə həyatını itirmişdir.
İnsan resursu ilə yanaşı, Azərbaycan müharibədə qələbənin qazanılmasına nefti ilə də əvəzolunmaz töhfə vermişdir.
Azərbaycan bu gün də beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verən ölkələr sırasındadır.