Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi üzrə NATO/SNT Etimad Fondu layihəsinin rəsmi bağlanış mərasimi keçirilmişdir
20 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun “Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi” birgə layihəsinin bağlanış mərasimini keçirdi.
“Four Seasons” mehmanxanasında keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri cənab Fuad Ələsgərov, NATO Baş Katibinin müavini xanım Rose Gottemoeller və NATO-nun Dəstək və Təchizat Agentliyinin əməliyyatlara dəstək üzrə direktor müavini cənab Allan Makleod, NATO/NSPA-nın rəsmi nümayəndələri, Azərbaycanda akkreditə olunmuş Diplomatik Nümayəndəliklər, Səfirliklər, eləcə də Azərbaycan Hökumətinin yüksək səviyyəli rəsmi nümayəndələri iştirak etmişdir.
Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilmişdir. Layihənin birinci mərhələsi çərçivəsində 28 ay (Aprel 2012 – İyul 2014) ərzində 64 kv.km. olan ümumi sahənin 19 kv.km ərazisi tam təmizlənmiş və 14,654 PHS və 173 tank əleyhinə mina tapılaraq zərərsizləşdirilmişdir.
Ceyrançöl Layihəsinin 2-ci Mərhələsinə 2014-cü il 8 iyul tarixindən start verilmiş və 29 ay müddətində davam edən mərhələ çərçivəsində 25.361.396 kv.m ərazi təmizlənmiş, 1,553 döyüş məqsədli PHS və minlərlə metal qırıntıları tapılaraq zərərsizləşdirilmişdir.
Ceyralçöl Layihəsinin 3-cü Mərhələsinə 2017-ci ilin yanvar ayında start verilmiş və 18 ay müddətində davam edən mərhələ çərçivəsində 22 mln. kv.m-ə yaxın ərazi təmizlənmiş, 2146 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilmişdir. Layihənin ilk iki Mərhələsində rəhbər dövlət ABŞ, sonuncu mərhələsində isə Türkiyə Respublikası olmuşdur. Bu layihədə donor ölkə qismində Almaniya, Macarıstan, İslandiya, İtaliya, Norveç, Yaponiya, İsveçrə, Böyük Britaniya, Türkiyə və ABŞ dövlətləri olmuşdur. Azərbaycan Höküməti bu vəziyyətlə baglı dərindən maraqlanmış və bu layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq, layihənin ümumi dəyərinin 50% miqdarında maliyyə vəsaiti ayırmışdır.
ANAMA Direktoru, cənab Qəzənfər Əhmədov öz giriş nitqində Azərbaycanda mövcud PHS probleminin miqyasından bəhs etdi və NATO SNT Proqramı çərçivəsində həyata keçirilən layihənin yüksək əhəmiyyətini vurğuladı. Həmçinin Layihənin uğurla başa çatmasında dəstək göstərən bütün donor ölkələrə öz təşəkkürünü bildirdi.
Azərbaycan hökuməti adından Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri cənab Fuad Ələsgərov tədbirdə çıxış edərək layihənin uğurla başa çatdırılmasında əməyi olmuş hər kəsi, xüsusilə ona hərtərəfli dəstək vermiş NATO rəsmilərini təbrik edib. Prezidentin köməkçisi deyib ki, ərazilərin minalardan təmizlənməsi humanist missiyadır və bu şərəfli missiyanı həyata keçirənlər çox vaxt öz həyat və sağlamlıqlarını belə təhlükə altına atırlar. Ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan üçün minalardan təmizləmə fəaliyyəti böyük əhəmiyyət kəsb edir və buna görə də ölkə rəhbərliyi tərəfindən ANAMA-ya, onun maddi-texniki təchizatının gücləndirilməsinə xüsusi diqqət ayrılır. Əminik ki, ANAMA-nın xarici tərəfdaşlarla, o cümlədən NATO-nun müvafiq strukturları ilə qurduğu səmərəli əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək.
Tədbirdə NATO baş katibinin müavini xanım Rose Gottemoeller layihənin uğurla reallaşdırılmasına görə Azərbaycan Hökumətinə minnətdarlıq edib. O, ANAMA–nın beynəlxalq layihələrdə uğurla iştirakını vurğulayıb. NATO baş katibinin müavini Azərbaycanla gələcəkdə də bu sahədə əməkdaşlığa hazır olduqlarını deyib.
NATO-nun Dəstək və Təchizat Agentliyinin əməliyyatlara dəstək üzrə direktor müavini cənab Allan Makleod layihənin uğurla başa çatmasına görə təbriklərini çatdırıb. O, bu layihənin icrasının çox vacib olduğunu qeyd edib. Direktor müavini ANAMA-nın artıq regional səviyyədə ekspert kimi çıxış etdiyini vurğulayıb.
ANAMA Əməliyyat Meneceri, cənab Samir Poladov ANAMA-NATO/NSPA birgə layihəsi olan “Azərbaycanda mina və partlamamış hərbi sursatların təmizlənməsi” barədə ətraflı təqdimatla çıxış etdi.
Qonaqlar TTKT Qurumu tərəfindən təşkil olunmuş təlim avadanlıqları sərgisi və MTM şöbəsi tərəfindən hazırlanmış Mina Təhlükəsinə dair Maarifləndirməyə aid güşə ilə tanış olublar.
Mənbə: ANAMA