Azərbaycan-NATO tərəfdaşlığının 30-cu və Silahlı qüvvələrin yaranmasının 106cı iıdönümünə həsr olunan rəsmi qəbul və fotosərgi təşkil olunmuşdur
Azərbaycanın NATO yanında Nümayəndəliyi tərəfindən Alyansın Brüssel şəhərində yerləşən mənzil-qərargahında Azərbaycan-NATO tərəfdaşlığının qurulmasının 30-cu ildönümünə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 106 illik yubileyinə həsr olunan rəsmi qəbul və fotosərgi təşkil olunmuşdur.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, NATO Hərbi Komitəsinin sədr müavini, Alyansın Beynəlxalq Qərargahının, Beynəlxalq Hərbi Qərargahının, Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahının (SHAPE), NATO-nun Dəstək və Təchizat Agentliyinin yüksək vəzifəli rəsmiləri, eləcə də NATO-ya üzv və tərəfdaş ölkələrin Alyans yanındakı səfirləri və hərbi nümayəndələri, o cümlədən diplomatik korpusun üzvləri iştirak etmişdir.
Rəsmi qəbulda çıxış edən Azərbaycanın NATO yanındakı nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Ümummilli Lider Heydər Əliyevin ölkəmizin ordu quruculuğunda və Alyansla tərəfdaşlığın inkişafında tarixi xidmətləri barədə qonaqlara məlumat vermişdir. Nümayəndəliyin başçısı qeyd etmişdir ki, müstəqilliyinin ilk illərində çətin siyasi vəziyyətlə üzləşən, ərazi bütövlüyü və suverenliyi pozulan yeni müstəqil dövlət üçün NATO ilə tərəfdaşlığın əsasının qoyulması Azərbaycanın xarici və təhlükəsizlik siyasətində mühüm qərarlardan biri olmuşdur. Ulu Öndərin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində hazırda Azərbaycanın dünyada güclü ordulardan birinə malik olduğunu vurğulamışdır.
Nümayəndəliyin başçısı ölkə Prezidenti İlham Əliyevin apardığı müdrik, rasional və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini, ərazisində separatizmə, xarici hərbi qüvvələrin mövcudluğuna son qoyduğunu və bunun münaqişələrin həlli ilə bağlı dünya tarixində görünməmiş hal olduğunu qeyd etmişdir.
Azərbaycanın otuz il davam edən münaqişəni həll etməklə regional sabitliyə əsas təhlükəni aradan qaldırdığını, Ermənistanla münasibətlərin normallaşması prosesinə təşəbbüs göstərərək Cənubi Qafqazın sabit və firavan regiona çevrilməsinə şərait yaratdığını və bu addımların ölkəmizin Avro-Atlantika təhlükəsizliyi üçün də vacib olan regionda davamlı sülhə sadiqliyinin bariz nümunəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Ölkəmizin Alyansla praktiki əməkdaşlığı ilə yanaşı, yüksək səviyyəli dialoqunun da son bir neçə ildə intensivləşdiyinə vurğu edən nümayəndəliyin başçısı, Prezident İlham Əliyevin 2021-ci ilin dekabrında NATO mənzil-qərargahına sonuncu səfərinin tərəfdaşlığımıza yeni təkan verdiyini qeyd etmişdir. C.Hüseynzadə, həmçinin NATO Baş katibi Yens Stoltenberqin cari ilin 17-18 mart tarixlərində Bakıya səfərinin Azərbaycan-NATO tərəfdaşlığının əhəmiyyətini və Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha təsdiqlədiyini bildirmişdir.
Cəfər Hüseynzadə, həmçinin ölkəmizin NATO ilə qarşılıqlı maraq doğuran bir çox məsələlər ilə bağlı həm yüksək səviyyəli siyasi dialoqu, həm də praktiki əməkdaşlığı inkişaf etdirdiyini, Alyansla, xüsusilə enerji təhlükəsizliyi, yaşıl enerji ixracı, iqlim dəyişikliyi və COP29 çərçivəsində əməkdaşlıq imkanlarını vurğulamışdır.
Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında hərbi nümayəndəsi polkovnik Ağaverdi Quliyev çıxışında Silahlı Qüvvələrimizin yaranması və inkişaf yolu haqqında məlumat vermiş və hər iki əlamətdar ildönümün Azərbaycanın həm milli, həm də beynəlxalq müstəvidə sülhə və təhlükəsizliyə sadiqliyinin sübutu olduğunu vurğulamışdır. Hərbi təlim proqramları və strateji dialoqlar vasitəsilə NATO-nun geniş təcrübə və ekspertizasından faydalanan Azərbaycanın müdafiə qabiliyyətini və Alyansla qarşılıqlı hərbi uyarlılığını artırdığını və praktiki əməkdaşlığın milli müdafiə qabiliyyətlərimizi gücləndirməsi ilə yanaşı, beynəlxalq sülhməramlı əməliyyatlarda da fəal iştirakımıza imkan yaratdığını vurğulamışdır.
NATO tərəfindən əsas natiq qismində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina və Alyansın Hərbi Komitəsinin sədr müavini general-leytenant Andrew Rohling çıxış etmişdir.
Xüsusi nümayəndə 30 il əvvəl Ümummilli Lider Heydər Əliyevin Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədinə (SNT) imza ataraq Azərbaycanla NATO arasında tərəfdaşlığın əsasını qoymasını tarixi addım adlandırmışdır. “Həmin vaxtdan bəri Alyansla Azərbaycan arasında güclü siyasi dialoq və praktiki əməkdaşlıq qurulmuşdur” - deyə vurğulayan X.Kolomina bunun bariz nümunələrindən biri kimi NATO Baş katibi Yens Stoltenberqin cari ilin 17-18 mart tarixlərində Bakıya səfərini qeyd etmişdir. Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu bildirən X.Kolomina Azərbaycanla NATO arasında bir sıra istiqamətlərdə, xüsusilə enerji təhlükəsizliyi və iqlim dəyişikliyi üzrə mövcud əməkdaşlıq imkanlarına diqqət çəkmişdir.
General-leytenant Andrew Rohling çıxışında Azərbaycanın Alyansla praktiki əməkdaşlıqda aktiv fəaliyyət nümayiş etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Həmçinin müttəfiq dövlətlərin Azərbaycanın Alyansın sülhməramlı əməliyyatlarına, xüsusilə Əfqanıstanda Kabil Hava Limanından kritik təxliyə fəaliyyətlərinə dəstəyini və töhfələrini yüksək qiymətləndirdiyini bildirmişdir. Azərbaycanın NATO-nun Təbii Fəlakətlərə Cavab Tədbirləri üzrə Avro-Atlantik Koordinasiya Mərkəzi (EADRCC) ilə əməkdaşlıq çərçivəsində bu sahədə Alyansa töhfələrini vurğulamışdır. A.Rohling, həmçinin Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar yardımın NATO tərəfindən yüksək qiymətləndirildiyini xüsusi olaraq qeyd etmişdir.
NATO mənzil-qərargahında, həmçinin Alyansla 30 illik münasibətlərimizi əks etdirən fotosərgi təşkil olunmuşdur. Sərgidə Ulu Öndər Heydər Əliyevin Alyansla tərəfdaşlığa mühüm töhfələrini, Prezident İlham Əliyevin 2021-ci ilin dekabr ayında NATO mənzil-qərargahına son səfərini, NATO Baş katibinin 17-18 mart 2024-cü ildə ölkəmizə səfərini, həmçinin NATO əməliyyatlarına töhfələrimizi əks etdirən fotoşəkillər nümayiş olunmuşdur. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.