Bakıda Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş akademik konfrans keçirilib
Bakıda Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına (PfP) qoşulmasının 30 illiyinə həsr olunmuş akademik konfrans keçirilib. Tədbirdə Azərbaycan, NATO, müttəfiq və tərəfdaş dövlətlərdən rəsmi şəxslər, akademiklər, tədqiqatçılar və ekspertlər iştirak edib.
Konfransda PfP-nin nailiyyətləri nəzərdən keçirilib, Azərbaycanın etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi unikal rolu vurğulanıb, Azərbaycan-NATO münasibətlərinin gələcək perspektivləri müzakirə olunub.
Konfrans çərçivəsində PfP-nin yaranması və məqsədləri, Azərbaycanın PfP çərçivəsində əldə etdiyi nailiyyətlər və NATO tərəfdaşlıqlarının gələcək perspektivləri kimi mövzular müzakirə edilib.
Konfrans xaricində keçirilən görüş çərçivəsində, NATO Baş katibinin əməliyyatlar üzrə müavininin köməkçisi Burcu Sanın rəhbərlik etdiyi NATO nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul edilib.
Görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığı, praktiki əməkdaşlıq, humanitar minatəmizləmə, enerji təhlükəsizliyi, kritik infrastrukturun qorunması, iqlim dəyişikliyi, sərhəd təhlükəsizliyi kontekstində qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı ilə bağlı məsələlər müzakirə edilib.
Bundan əlavə, Hikmət Hacıyev NATO nümayəndə heyətini regional təhlükəsizlik və Ermənistanla normallaşma prosesi, eləcə də sülh sazişinin cari vəziyyəti barədə məlumatlandırıb.
Hikmət Hacıyev həmçinin, Bakıda keçirilmiş COP-29 konfransında NATO-nun yüksək səviyyəli iştirakına görə Azərbaycan tərəfinin təşəkkürünü ifadə edib.
Burcu San Azərbaycanın NATO-nun rəhbərlik etdiyi əməliyyatlara və müttəfiq dövlətlərin enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib. Bu kontekstdə xüsusilə qeyd olunub ki, evakuasiya prosesinə kritik dəstək verməklə Əfqanıstandan geri çəkilən son tərəfdaş kontingentinin Azərbaycanın sülhməramlı qüvvələri olub.
NATO Baş katibinin əməliyyatlar üzrə müavininin köməkçisi COP-29 konfransının uğurla başa çatması münasibətilə Azərbaycanı təbrik edib.
NATO Baş katibinin əməliyyatlar üzrə müavininin köməkçisi Burcu Sanın rəhbərlik etdiyi NATO nümayəndə heyəti həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi polkovnik Elçin Abdullayevlə görüş keçirib.
Müzakirələr zamanı Azərbaycanın NATO-nun rəhbərlik etdiyi əməliyyatlara və müttəfiq ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfələrinə görə etibarlı tərəfdaş kimi qiymətləndirildiyi vurğulanıb. Görüş çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Görüşlərdə həmçinin, Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri C.Hüseynzadə iştirak etmişdir.