“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 sentyabr 2018

Bakıda Qadınlar, Sülh və Təhlükəsizlik mövzusunda NATO/Avro-Atlantik Tərəfdaşlıq Şurasının (AATŞ) formatında yüksək səviyyəli konfransı keçirilib

Bakıda Qadınlar, Sülh və Təhlükəsizlik mövzusunda NATO/Avro-Atlantik Tərəfdaşlıq Şurasının (AATŞ) yüksək səviyyəli konfransı keçirilib.

Konfransın açılışında çıxış edən Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov tədbirin mövzusunun əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın qadınların təhlükəsizlik sahəsində fəal iştirakının təmin olunmasında əməkdaşlığa hər zaman hazır olduğunu söyləyib.

Qaya Məmmədov Azərbaycan-NATO əlaqələrindən danışıb. O deyib ki, Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır və bizim təhlükəsizlik problemləri üzrə sıx əməkdaşlıq tariximiz var. NATO Azərbaycanın Əfqanıstandakı missiyaya daimi töhfəsini, eləcə də Əfqanıstan milli təhlükəsizlik qüvvələrinin hazırlanması işinə dəstəyini yüksək qiymətləndirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransda çıxış edərək Azərbaycanda qadınların hüquqlarının müdafiəsi, gender bərabərliyi barədə ətraflı məlumat verib. O, həmçinin Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması barədə danışıb. Bildirib ki, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlardan 400 mindən çoxunu qadın, 300 mindən çoxunu uşaq təşkil edir. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Həmin soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınıb. Azərbaycan münaqişə müddətində 1114 nəfərin əsir və girovluqdan azad edilməsinə nail olub. Əsirlikdən xilas olanlardan 223-ü uşaq, 363-ü qadın, 224-ü yaşlı insanlardır. Onların yenidən cəmiyyətə inteqrasiyası üçün reabilitasiya işlərinin aparılması çox vacibdir. Eyni zamanda, 29 uşaq, 98 qadın və 112 qoca hazırda girovluqdadır. Onların taleyi hələ də məlum deyil və bu gün də bu bizi çox narahat edir. Hicran Hüseynova vətəndaş cəmiyyətlərini, beynəlxalq təşkilatları bu məsələyə xüsusi diqqət ayırmağa çağırıb.

NATO baş katibinin müavini xanım Rouz Qotemöller mövzunun aktuallığını qeyd edib.

O, Azərbaycan-NATO münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.

Mənbə: AZERTAC

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti