Azərbaycan Respublikasının təşəbbüsü ilə “Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə YUNESKO Hərbi Bələdçisi”nin NATO-da təqdimatı keçirilmişdir
Azərbaycan Respublikasının maliyyə dəstəyi və YUNESKO-nun sifarişi ilə, İtaliyanın San-Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu tərəfindən 2016-cı ildə “Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Hərbi Bələdçi” hazırlanmışdır. Hərbi əməliyyatların planlaması və icrası zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının müddəalarının yerinə yetirilməsi üçün praktik tövsiyələr verən həmin Hərbi Bələdçi Azərbaycan Respublikasının təşəbbüsü ilə, 14 iyun 2019-cu il tarixində NATO-nun Əməliyyatlar Siyasəti Komitəsinin xüsusi iclasında təqdim edilmişdir. NATO üzv dövlətləri və NATO-nun əməliyyatlarında iştirak edən tərəfdaş dövlətlərin nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda NATO-nun, YUNESKO-nun, ölkələrin yüksək səviyyəli nümayəndələri və Hərbi Bələdçinin müəllifləri iştirak etmişlər.
Azərbaycan Respublikasını iclasda YUNESKO üzrə Milli Komissiyanın Baş Katibi Elnur Sultanov təmsil etmişdir. Elnur Sultanov öz çıxışında mədəni mülkiyyətin qorunması üzrə Azərbaycanın YUNESKO çərçivəsində və milli səviyyədə həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat vermiş, NATO və YUNESKO arasında qeyd edilən sahədə davamlı əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir. Baş Katib Sultanov həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində mədəni mülkiyyəti kütləvi şəkildə dağıtması haqqında məlumat vermişdir. Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş Hərbi Bələdçinin silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması sahəsində effektiv praktik tövsiyələr verdiyini bildirən E. Sultanov, Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığın güclənməsinə bundan sonra da dəstək verəcəyini bildirmişdir.
İclasda çıxış edən dövlətlərin, NATO-nun və YUNESKO-nun nümayəndələri mədəni irsin qorunması sahəsində Azərbaycanın beynəlxalq müstəvidə aparıcı rolunu təqdir etmiş, Hərbi Bələdçinin əhəmiyyətini vurğulamış və bu sahədə beynəlxalq əməkdaşlığın dərinləşdirməsinə verdiyi aktiv dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür ifadə etmişlər. NATO nümayəndələri Hərbi Bələdçinin 1954-cü il Haaqa Konvensiyasının icrasına böyük dəstək olduğunu və NATO-nun hərbi təhsil, planlama və standartlaşma işində onun müvafiq qaydada nəzərə alınacağını bildirmişlər.