NATO baş katibinin innovasiya, hibrid və kiber məsələlər üzrə köməkçisi Jan-Şarl Ellermann-Kinqomb Bakıda keçirilən COP29 tədbirində iştirak edib
14-16 noyabr tarixlərində NATO baş katibinin innovasiya, hibrid və kiber məsələlər üzrə köməkçisi Jan-Şarl Ellermann-Kinqomb BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Bakıda səfərdə olub.
15 noyabr tarixində, COP29 çərçivəsində NATO baş katibinin innovasiya, hibrid və kiber məsələlər üzrə köməkçisi Jan-Şarl Ellermann-Kinqomb Azərbaycan Respublikası Xarici işlər naziri Ceyhun Bayramov və Ekologiya nazirinin müavini Orxan Zeynalov ilə ikitərəfli görüşlər keçirib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə NATO baş katibinin köməkçisi Jan-Şarl Ellermann-Kinqomb arasında keçirilmiş görüşdə Azərbaycan və NATO arasında mövcud tərəfdaşlıq məsələləri, COP29 sədrliyimiz çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Xarici işlər naziri Ceyhun Bayramov bu il ölkəmizlə NATO arasında əməkdaşlığın əsasını qoyan “Sülh naminə Tərəfdaşlıq” Proqramının 30 illiyinin qeyd edildiyini, bu çərçivədə qarşılıqlı əməkdaşlıq şəraitində bir sıra birgə layihələrin həyata keçirildiyini məmnunluqla qeyd edib.
Tərəfdaşlığımızın 30 ili müddətində Azərbaycanın NATO-nun sülhməramlı əməliyyatlarında nümunəvi iştirakı, habelə NATO çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıqda aktiv iştirakının ölkəmizin etibarlı tərəfdaş kimi tanınmasına gətirib çıxardığı bildirilib.
COP29 sədrliyimiz çərçivəsində, həmçinin iqlim fəaliyyətinin irəlilədilməsi istiqamətində NATO ilə əməkdaşlıq etməyə hazır olduğumuz diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
NATO baş katibinin köməkçisi Jan-Şarl Ellermann-Kinqomb ilə Azərbaycan Respublikası Energetika nazirinin müavini Orxan Zeynalov arasında keçirilmiş görüşdə tərəflər Azərbaycan və NATO arasında enerji təhlükəsizliyi, yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi sahələri üzrə əməkdaşlıq imkanları barədə müzakirə aparıb.