NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycanda səfərdə olub
NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın rəhbərlik etdiyi nümayəndə heyəti 28-29 aprel 2022-ci il tarixlərində Azərbaycanda səfərdə olub. Bu səfər NATO-nun xüsusi nümayəndəsi Xavyer Kolominanın son bir il ərzində ölkəyə ikinci rəsmi səfəridir.
Səfər çərçivəsində X.Kolomina Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib, həmçinin xarici işlər naziri Ceyhun Bayramov, müdafiə naziri general-polkovnik Zakir Həsənov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə ikitərəfli görüşlər keçirib.
Görüşlər zamanı tərəflər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycan-NATO münasibətlərinin hazırkı səviyyəsi, Azərbaycan-NATO Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və ikitərəfli tərəfdaşlığın inkişaf perspektivləri, enerji təhlükəsizliyi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.