“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 dekabr 2024

NATO SHAPE Nümayəndə heyəti Azərbaycanda keçirilən “NATO Günləri 2024” tədbirində iştirak etmək məqsədilə Bakıya səfər etmişdir

NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bruasdal Gunnsteinin rəhbərlik etdiyi NATO nümayəndə heyəti Azərbaycanda keçirilən “NATO Günləri 2024” tədbirində iştirak etmək məqsədilə Bakıya səfər etmişdir.

Səfər çərçivəsində Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov NATO nümayəndə heyəti ilə görüş keçirmişdir.

Görüşdə hər iki tərəf arasındakı münasibətlərin cari vəziyyəti yüksək qiymətləndirilmiş və qurulan əlaqələrin bundan sonra da inkişafı üçün perspektivdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Həmçinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) və digər proqramlarında iştirak edən hərbi qulluqçularımızın fəaliyyəti yüksək qiymətləndirilmişdir. Bundan sonra da müxtəlif təlim və kurslarda iştirak edəcək hərbi qulluqçular arasında təcrübə mübadiləsinin və özünü təkmilləşdirmənin vacibliyi xüsusi vurğulanmışdır.

Tərəflər arasında keçirilən görüş əsnasında münasibətlərin inkişaf perspektivləri müzakirə edilmiş, qarşılıqlı maraq doğuran suallar cavablandırılmışdır.

Azərbaycanda keçirilən “NATO Günləri 2024” tədbiri çərçivəsində, kontr-admiral Gunnstein Bruasdalın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi təhsil müəssisələrində və Azərbaycan Silahlı Qüvvələrinin "N" hərbi hissəsində olmuşdur.

NATO nümayəndə heyəti əvvəlcə Heydər Əliyev adına Hərbi İnstituta gəlmiş və Heydər Əliyev adına Hərbi İnstitutun fəaliyyəti, tədris proqramları və beynəlxalq əməkdaşlıq sahəsində görülən işlərlə bağlı məlumatlandırılmışdır.

Daha sonra Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzi ziyarət edilmiş və NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən keçirilən “Təlim və məşq kursu”u izlənilmişdir.

Həmçinin, səfər çərçivəsində NATO nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsini ziyarət etmiş, hərbi hissənin yaranma tarixi və icra olunan fəaliyyətlərlə tanış olmuşdur.

Görüşdə Azərbaycan-NATO əlaqələrinin uğurlu inkişaf yolundan, Azərbaycan Ordusunda aparılan islahatlardan danışılmış, maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.

Sonda nümayəndə heyəti NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramına bəyan edilmiş Dənizdə qadağa əməliyyatları üzrə göyərtə-axtarış qrupunun döyüş hazırlığı üzrə məşğələsini izləmişdir.

  

 

  

 

  

 

  

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti