“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 iyun 2023

NATO mənzil-qərargahında Silahlı Qüvvələr Gününə həsr olunan tədbir və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə foto-sərgi keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi tərəfindən Alyansın Brüssel şəhərində yerləşən mənzil-qərargahında rəsmi qəbul və foto-sərgi təşkil olunub.

Tədbirdə NATO Baş katibinin köməkçiləri, NATO-nun üzv və tərəfdaş ölkələrinin Alyans yanındakı səfirləri, hərbi nümayəndələri, diplomatik korpusun üzvləri, NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının üzvləri, Alyansın Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahının (SHAPE), eləcə də NATO-nun Dəstək və Təchizat Agentliyinin yüksək vəzifəli rəsmiləri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və Silahlı Qüvvələrin Alyansın Hərbi Komitəsi yanında hərbi nümayəndəsi polkovnik Ağaverdi Quliyev Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişaf yolu, həmçinin NATO ilə tərəfdaşlıq münasibətlərindən danışıb. Çıxışlar əsnasında Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğunda və Alyansla əməkdaşlığın inkişaf etdirilməsindəki tarixi xidmətləri barədə qonaqlara məlumat verilib. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu fəaliyyətlərin uğurla davam etdirilməsi sayəsində Azərbaycanın regiondakı ən güclü ordulardan birinə malik olduğu, 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycan ordusunun zəfər qazanmasının və ərazi bütövlüyümüzü bərpa etməsinin bunun ən bariz göstəricisi olduğu diqqətə çatdırılıb. Nümayəndəliyin başçısı çıxışında, həmçinin ölkəmizin Alyansla çoxşaxəli tərəfdaşlığı, son olaraq Əfqanıstandakı əməliyyat da daxil olmaqla NATO-nun iştirak etdiyi sülhməramlı əməliyyatlar çərçivəsində fəaliyyətləri və Avropanın enerji təhlükəsizliyinə töhfələri məsələsinə vurğu edib.

NATO tərəfindən əsas natiq qismində Alyansın ali hərbi strukturu, Hərbi Komitənin sədr müavini general-leytenant Lans Landrum çıxış edib. NATO rəsmisi Azərbaycanın Alyansın etibarlı və uzun illərdən bəri əməkdaşlıq etdiyi tərəfdaş ölkə olduğunu bildirib. O, ölkəmizin həm siyasi dialoq, həm hərbi-praktiki tərəfdaşlıq və hərbi uyarlılığın gücləndirilməsi çərçivəsində NATO ilə münasibətlər baxımından öncül yerdə olduğunu qeyd edib. General-leytenant Landrum müttəfiq dövlətlərin Azərbaycanın Alyansın sülhməramlı əməliyyatlarına, ələlxüsus Əfqanıstanda Kabil Beynəlxalq Hava limanından kritik təxliyə fəaliyyətlərinə dəstəyini və töhfələrini yüksək qiymətləndirdiyini ifadə edib. Onun çıxışında Azərbaycanla NATO arasında bir sıra istiqamətlərdə, o cümlədən enerji təhlükəsizliyi üzrə dialoq məsələsində əməkdaşlıq imkanlarına diqqət çəkilib.

 

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti