“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Mətbuat şərhi 26 sentyabr 2024

NATO-nun Avro-Atlantika Tərəfdaşlıq Şurasının iclasında Azərbaycanda mina təhlükəsinin miqyası barədə məlumat verilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyəti NATO-nun Avro-Atlantika Tərəfdaşlıq Şurası (EAPC) formatında Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin Yüngül və Atıcı Silahlar və Mina Fəaliyyəti üzrə Ad hoc işçi qrupunun iclasında iştirak edib.

İclasda NATO-nun üzv və tərəfdaş ölkələrinin nümayəndələri, eləcə də Alyansın aidiyyəti strukturlarının təmsilçiləri iştirak ediblər.

İclasda ANAMA nümayəndə heyəti Azərbaycanda mina təhlükəsinin miqyası, bu sahədə qarşıya çıxan çətinliklər və problemin aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə geniş təqdimatla çıxış edib. Təqdimatda 2020-ci ilin noyabrından etibarən 379 azərbaycanlının mina partlamaları nəticəsində həlak olduğu və ya yaralandığı, minaların məcburi köçkünlərin doğma yurdlarına qayıdışını və həmin ərazilərdə bərpa-yenidənqurma işlərinin aparılmasını ciddi şəkildə ləngitdiyi, eləcə də minaların humanitar, iqtisadi və ekoloji fəsadları ətraflı şəkildə izah olunub. Bundan əlavə, ANAMA-nın mina probleminin həllində istifadə etdiyi qabaqcıl texnologiyalar, xüsusilə də mexaniki minatəmizləmə vasitələri və sahədə tətbiq olunan yeni yanaşmalar haqqında məlumat verilib.

Həmçinin iclasda, Azərbaycanın minatəmizləmə fəaliyyətinə davamlı maliyyə dəstəyin göstərilməsinin vacibliyi vurğulanıb.

Eyni zamanda, iclas çərçivəsində Azərbaycanın üzləşdiyi mina probleminin miqyasını və işğaldan azad olunmuş ərazilərdə humanitar minatəmizləmə prosesi ilə bağlı fotosərgi təşkil edilib.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti