NATO Tanışlıq Proqramının iştirakçıları Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyini ziyarət edib
NATO Tanışlıq Proqramı çərçivəsində Bosniya və Herseqovina, Kolumbiya, İordaniya, Pakistan, Qətər, Serbiya və Özbəkistanın Müdafiə Nazirliklərindən olan iştirakçılar Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyini ziyarət edib.
Proqramın əsas məqsədi iştirakçılara NATO-nun əməkdaşlıq proqramları və fəaliyyəti barədə ətraflı məlumat vermək olub.
İçtirakçıların ziyarəti zamanı Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi NATO ilə tərəfdaşlığın praktiki aspektləri üzrə Azərbaycanın təcrübəsini əks etdirən təqdimatla çıxış edib. Görüş çərçivəsində Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan-NATO tərəfdaşlığının əsasının qoyulmasındakı müstəsna rolunu qeyd edib. Həmçinin, dövlət başçımız cənab Prezident İlham Əliyevin NATO mənzil-qərargahına səfərləri, eləcə də Azərbaycan-NATO tərəfdaşlığın inkişaf etdirilməsində göstərdiyi diqqət və qayğı bəradə məlumat verilib. İştirakçılara NATO-nun etibarlı tərəfdaşı olan Azərbaycanın NATO ilə siyasi dialoqu, praktiki tərəfdaşlığı, eləcə də başda NATO müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyi olmaqla, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyinə verdiyi töhfələrdən bəhs edilib.
Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanındakı Hərbi Nümayəndəliyi tərəfindən iştirakçılara Azərbaycanın NATO ilə hərbi tərəfdaşlığı barədə məlumat verilib.