Silahlı Qüvvələrin yaranmasının 100-cü ildönümü münasibəti ilə Belçikanın Brüssel şəhərində tədbir keçirilib
Silahlı Qüvvələrin yaranmasının 100-cü ildönümü münasibəti ilə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi tərəfindən, Belçika Krallığının paytaxtı Brüssel şəhərində rəsmi ziyafət keçirilib.
Tədbirdə dövlətlərin NATO yanındakı Səfirləri, diplomatik korpusun üzvləri, NATO-nun Hərbi Komitəsinə akkreditə olunmuş ölkələrin Hərbi Nümayəndələri, NATO-nun Beynəlxalq Katibliyi, Beynəlxalq Hərbi Qərargahının nümayəndələri, NATO-nun idarə və agentliklərinin üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının rəsmiləri iştirak ediblər.
Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin mühüm nailiyyətlərindən olan Silahlı Qüvvələrin yaradılmasının tarixçəsindən bəhs edərək, Xalq Cümhuriyyətinin dövlət quruculuğu, beynəlxalq əlaqələri, sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar barədə məlumat verdi.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə Xalq Cümhuriyyətinin ənənə və prinsiplərinin dirçəldildiyini qeyd edən Q.Məmmədov, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında etibarlı tərəfdaş olduğunu qeyd etdi.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında nümayəndəsi polkovnik Ağaverdi Quliyev öz çıxışında qonaqlara Azərbaycanın hərb ənənələri, Silahlı Qüvvələrinin yaranması, inkişafı tarixi və beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsi barədə ətraflı məlumat verdi.
Qəbul zamanı Azərbaycan və onun Silahlı Qüvvələri barədə video materiallar nümayiş etdirildi, qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olundu.