“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 sentyabr 2018

Azərbaycan Milli Məclisinin sədri NATO baş katibinin müavini ilə görüşüb

Sentyabrın 20-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov belə görüşlərin NATO ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Sədr diqqətə çatdırıb ki, Azərbaycan NATO tərəfindən həyata keçirilən sülhməramlı dəstək proqramlarında iştirak edir. Hazırda 120 Azərbaycan əsgəri Əfqanıstanda xidmət edir.

Milli Məclisin sədri Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələrin olduğunu söyləyib. Xatırladıb ki, NATO Parlament Assambleyasının iqtisadiyyat və təhlükəsizlik komitəsinin keçid və inkişaf alt-komitəsinin iclası ölkəmizdə uğurla keçirilib.

NATO baş katibinin müavini Rouz Qotemöller Azərbaycan parlamentinin yaranmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb. O, belə bir əlamətdar vaxtda ölkəmizdə olmaqdan məmnunluğunu bildirib.

Qonaq qeyd edib ki, Azərbaycanın NATO-nun sülhməramlı dəstək proqramlarında iştirakı yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin bu ilin iyul ayında Brüsseldə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirakını və çıxışını yüksək qiymətləndirən baş katibin müavini vurğulayıb ki, bütün bunlar Azərbaycan-NATO tərəfdaşlığını daha da möhkəmləndirir.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam etdirilib.

Mənbə: AZERTAC

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti