Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevın NATO mənzil-qərargahına səfəri baş tutub
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev 20 yanvar 2020-ci il tarixində NATO mənzil-qərargahına səfər etmişdir.
Səfər zamanı o, NATO-nun Baş katibinin müavini Mirça Coana ilə görüşmüş və müttəfiq dövlətlərlə “29+1” formatında iclasda iştirak etmişdir. Keçirilmiş görüş və iclas zamanı Azərbaycan-NATO tərəfdaşlığı, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılmışdır. H. Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar haqqında müttəfiq dövlətlərə ətraflı məlumat vermişdir.
NATO ölkələri Azərbaycanın Sülh Naminə Tərəfdaşlıq proqramında aktiv iştirakını, NATO əməliyyatlarına töhfələrini, qarşılıqlı operativ uzlaşmanın artırılması və islahatlar sahəsində əldə etdiyi tərəqqini yüksək qiymətləndirmişdir.
20 yanvar faciəsinin 30-cu ildönümümdə keçirilən bu iclas və görüşlər zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycan tarixində mühüm rol oynayan bu hadisə haqqında qarşı tərəfə məlumat vermişdir. NATO rəsmiləri və üzv dövlətlər bu faciə ilə bağlı Azərbaycan xalqı ilə həmrəyliyini və şəhidlərin ruhuna ehtiramını ifadə etmişlər.