“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Mülki Fövqəladə Planlama sahəsində Azərbaycan-NATO əməkdaşlığı

İllər ərzində Azərbaycan Mülki Fövqəladə Planlama (MFP) sahəsində NATO ilə əməkdaşlığını davamlı olaraq artırmış və Avro-Atlantik Tərəfdaşlıq Şurası (AATŞ) formatında MFP Komitəsi və Planlama qruplarının iclaslarında fəal iştirak etmişdir. Bu iclaslar mülki müdafiə, nəqliyyat, ictimai səhiyyə, qida və su təminatı, sənaye resursları və kommunikasiyalar sahəsində fikir mübadiləsi aparmaq, qarşılıqlı anlaşmanı möhkəmləndirmək və müvafiq vasitələr və təlimatlar hazırlamaq üçün bir platforma yaradır. Azərbaycan 2010-cu ildə NATO MFP Komitəsinin plenar iclasına və 2014-cü ildə Daxili Yerüstü Nəqliyyat üzrə seminara ev sahibliyi etmişdir.

1998-ci ildə AATŞ beynəlxalq fövqəladə hallara yardım sahəsində əməkdaşlıq siyasətinin əsas elementlərindən biri və NATO-nun mülki fövqəladə halların planlaşdırılması üzrə tərəfdaşlıq vasitəsi kimi Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzini (EADRCC) təsis etmişdir.

EADRCC Avro-Atlantik bölgəsində NATO-nun əsas mülki fövqəladə cavab mexanizmi olub, bütün NATO müttəfiq və tərəfdaş dövlətlərini əhatə edir. EADRCC NATO üzvü və tərəfdaş ölkələr arasında dəstək təkliflərinin və yardım tələblərinin əlaqələndirilməsində vasitəçi rolunu oynayır.

Azərbaycan EADRCC ilə əməkdaşlıq çərçivəsində milli mülki fövqəladə hallar və fəlakətlərin idarə olunması imkanlarını inkişaf etdirir. EADRCC-nin təcili yardım çağırışlarına cavab olaraq, Azərbaycan müttəfiq və tərəfdaş ölkələrə yanğınsöndürmə təyyarəsi və helikopterlər kimi fəlakətə cavab imkanlarını təqdim etmişdir. Bundan əlavə, Azərbaycan fövqəladə hallara cavab verməyə tam hazır vəziyyətdə olacaq iki xüsusi bölmə – “Şəhər Axtarış və Xilasetmə” və “Kimyəvi, Bioloji, Radioloji və Nüvə” (CBRN) bölmələrini inkişaf etdirir.

EADRCC-nin fəaliyyətini gücləndirmək məqsədilə Azərbaycan Mərkəzə Könüllü Milli Töhfə çərçivəsində dəstək verir. Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri 2009-cu ildən etibarən Mərkəzdə xidmət edirlər. İlk dəfə olaraq, tərəfdaş ölkələr arasında Azərbaycanın EADRCC-yə könüllü milli töhfəsi NATO-nun təlim üzrə koordinator müavini vəzifəsinə təyin olunmuşdur.

Bununla yanaşı, Azərbaycan EADRCC çərçivəsində müttəfiq və tərəfdaş ölkələrə dəstəyini davam etdirərək zəruri humanitar yardım göstərir. Azərbaycan 6 fevral 2023-cü ildə baş vermiş zəlzələ ilə əlaqədar Türkiyəyə 420 nəfərlik heyət (xilasedicilər, yanğınsöndürənlər, it mütəxəssisləri, tikinti mühəndisləri və idarəetmə heyəti) və 8 xüsusi təlim keçmiş itdən ibarət yardım göndərmişdir.

Tərəfdaşlar üçün daha praktiki bir aspekt MFP ilə bağlı təlimlərdə iştirak imkanlarıdır. Bu kontekstdə Azərbaycan EADRCC-nin himayəsi altında keçirilən sahə təlimlərinə və masaüstü seminarlara maraq göstərir. Azərbaycan komandaları müvafiq olaraq Finlandiyada, Qazaxıstanda, Moldovada, Gürcüstanda, Ukraynada, Monteneqroda, Bosniya və Herseqovinada və Serbiyada keçirilmiş “UUSIMAA-2008”, “Jetisu-2009”, “CODRII-2011”, “Georgia-NATO 2012”, “Ukraine-2015”, “CRNA-GORA-2016”, “Bosnia-Herzegovina-2017” və “SRBIJA-2018” təlimlərində iştirak etmişdir. Bu təlimlər praktiki bacarıqları artırır və təcrübə mübadiləsi üçün canlı platforma yaradır. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı "North Macedonia 2021" təliminin əsas planlaşdırma qrupunda mütəxəssis qismində iştirak etmişdir.

Eyni zamanda, Azərbaycanın NATO MFP ilə ikitərəfli əməkdaşlığı milli mülki fövqəladə hallar və fəlakətlərin idarə edilməsi imkanlarının gücləndirilməsi üçün vacib komponentlərdən biridir. 2008-ci ilin noyabr ayında NATO MFP Məşvərətçi Dəstək Qrupu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin imkanlarının inkişaf etdirilməsi üçün tövsiyələr vermək məqsədilə ölkəyə səfər etmişdir. Onların hesabatında hazırlanan tövsiyələr ekspert dəstəyi, əməkdaşlıq və konkret tədbirlər üzrə önəmli istiqamətlərdən biri olmuşdur.

Bundan əlavə, NATO-nun kommunikasiya və dənizçilik üzrə Məşvərətçi Dəstək Qrupu 2010 və 2012-ci illərdə Azərbaycana səfər edərək aidiyyəti dövlət qurumlarının imkanlarının inkişafı və effektivliyinin artırılması ilə bağlı tövsiyələr təqdim etmişdir.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti