1997-ci ildə Azərbaycan, NATO standartları və proseduralarına uyğun olaraq müdafiə və qüvvə planlaşdırması üçün təməlin təmini, Müttəfiq qüvvələr ilə uyarlılığa nail olunması və xüsusi ilə də çoxmillətli məşq, təlim və əməliyyatlar üçün müyəssər ola biləcək qüvvə və imkanların təsis edilməsi məqsədlərinə yönəlmiş SNT-nin Planlaşdırma və Analiz Prosesinə (PAP) qoşulmuşdur. PAP çərçivəsində göstərilmiş bu məqsədlərə nail olunması və qüvvələrin SNT məşq və təlimlərinə və NATO-nun başçılığı altında aparılan əməliyyatlara müyəssər edilməsi üçün, Azərbaycanın Müdafiə Nazirliyi elə həmin ildə sülhməramlı qüvvələrini yaratmışdır.
O zamandan başlayaraq, müdafiə və qüvvələrin planlaması sahəsində NATO-nun təkliflərini, dəstəyini və rəhbərliyini təmin etməkdə PAP əhəmiyyətli rol oynayır. Hər il, Azərbaycan, NATO ekspertləri və Müttəfiqləri ilə birgə cari milli hərbi və müdafiə məqsədlərini dəstəkləmək üçün Tərəfdaşlıq Məqsədləri toplusunun icmalı və gələcək inkişafını həyata keçirir. Azərbaycan tərəfindən qəbul olunmuş Tərəfdaşlıq Məqsədlərinin sayı, 1997-ci ildən etibarən, davamlı olaraq artmışdır. Adətən bu toplu, hərbi və müdafiə sahələrinin geniş aspektlərini əhatə edən və sülhməramlı əməliyyatlara təxsis edilmiş qüvvələrin özülünü təşkil edən, 40-a qədər Tərəfdaşlıq Məqsədini özünə daxil edir.
Azərbaycanın PAP prosesində müvəffəqiyyətli iştirakı, 2003-cü ildə Sülhməramlı Taborun yaradılması ilə nəticələnmişdir. Hazırda tam döyüş dəstəyi və döyüş xidməti dəstəyi daxil olmaqla, əməliyyatlarda bütöv bir piyada batalyonunu təmin edə biləcək Sülhməramlı Briqadanın yaradılması istiqamətində işlər sürətlə davam etdirilir. NATO-nun başçılığı altında aparılan əməliyyatlar üçün təyin edilmiş qüvvələrin əksəriyyəti hazırdır. Bu öz növbəsində, PAP çərçivəsində yeni Tərəfdaşlıq Məqsədlərinin qəbulu və yerinə yetirilməsi üçün zəmanət verir.
PAP çərçivəsində keçirilən mütəmadi görüşlər Azərbaycanı NATO-nun geniş bilik və təcrübəsinə əsaslanan müdafiə planlaşdırma təcrübələrini inkişaf etdirməyə imkan vermişdir. Bu davamlı əməkdaşlıq Azərbaycanın hərbi imkanlarını artırmaqla yanaşı, beynəlxalq sülhməramlı və təhlükəsizlik səylərində etibarlı tərəfdaş kimi rolunu da möhkəmləndirir.
PAP prosesinə sadiqliyi vasitəsilə Azərbaycan müdafiənin modernləşdirilməsi və beynəlxalq əməkdaşlıq sahəsində ardıcıl və fəal yanaşmasını nümayiş etdirmiş, qlobal sülh və sabitliyə töhfə verməyə hazır olan daha güclü və qarşılıqlı fəaliyyət qabiliyyətinə malik hərbi qüvvənin formalaşmasına yol açmışdır.