“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Azərbaycan və NATO əməkdaşlığı haqqında arayış

Azərbaycan-NATO arasında ilk təmasların tarixi Azərbaycanın bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə NATO-nun yeni yaradılmış məşvərətçi forumuna – Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası) qoşulduğu 1992-ci ilin mart ayına təsadüf edir.

Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur.

Azərbaycan Sülh naminə Tərəfdaşlığın prinsiplərinə əsaslanmaqla NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, əməliyyatlarda iştirak, Əfqanıstana töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və s. kimi aktual məsələlər müzakirə olunur və onlara dair fikir mübadiləsi aparılır. Qarşılıqlı anlayışa əsaslanan, yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlıq sahəsində tərəqqini təşviq edir.

Azərbaycan SNT Çərçivə Sənədi, eləcə də ikitərəfli əməkdaşlığı nəzərdə tutan sənədlərdə əks olunmuş məqsəd və prinsiplərin yerinə yetirilməsi məqsədi ilə NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal istifadə edir. Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsipləri əsas etibarı ilə Azərbaycanın SNT Təqdimat Sənədi (1996), Planlaşdırma və Analiz Prosesi (1997) və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (2004) öz əksini tapır. Bu sənədlərdə Azərbaycan Respublikası müdafiə və təhlükəsizlik sektorunda islahatlar, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, enerji təhlükəsizliyinin təmini, fövqəladə hallara hazırlıq, meydana çıxan təhlükəsizlik çağırışları ilə mübarizə, eləcə də elm, ətraf mühit və ictimai diplomatiya sahələrində NATO ilə əməkdaşlıq niyyətini ifadə etmişdir.

Azərbaycanın 2004-cü ildə qoşulduğu Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) müntəzəm siyasi dialoq həyata keçirməyə, ikitərəfli tərəfdaşlığı sistemləşdirməyə və eləcə də qarşılıqlı maraq doğuran məsələlər ilə bağlı əməkdaşlıq tədbirini razılaşdırmağa imkan verir. Azərbaycan 2005-2007, 2008-2010, 2012-2013 və 2014-2016-cı illəri əhatə edən I, II, III və IV dövr FTƏP sənədlərini uğurla bitirmiş və hazırda V dövr (2017-2019) FTƏP sənədini icra edir.

SNT Təqdimat Sənədi əsasında hazırlanan Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan hər il 200-dən artıq tədbirdə iştirak edir. Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı Azərbaycana NATO üzv və bir sıra tərəfdaş dövlətlər tərəfindən təşkil edilən kurs, təlim və konfranslarda iştirakdan yararlanmağa şərait yaradır.

Digər mühüm mexanizm NATO qüvvələrinin iştirakı ilə çoxmillətli əməliyyatlara və hərbi təlimlərə göndərilə biləcək qüvvələri müəyyən etmək və qiymətləndirməkdə tərəfdaşlara yardım etməyi nəzərdə tutan Planlaşdırma və Analiz Prosesidir (PAP). PAP tərəfdaş dövlətə NATO təcrübəsinə uyğun müdafiə planlamasının təşkil edilməsinə yardım edir. Azərbaycan hazırda sülhməramlı əməliyyatlara hazırlıq və müdafiə planlaması üzrə “tərəfdaşlıq məqsədi” adlanan bir çox konkret tədbirləri həyata keçirir.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti