Azərbaycan Hökuməti NATO ilə tərəfdaşlığa ictimaiyyətin dəstəyinin əldə edilməsi məsələsinə böyük əhəmiyyət verir və bu baxımdan ictimai diplomatiya Azərbaycanın NATO ilə praktiki əməkdaşlığında mühüm yer tutur.
Bu sahədə praktiki əməkdaşlığın əsas elementlərini Azərbaycan NATO Beynəlxalq Məktəbi, Avro-Atlantik Mərkəz və digər QHT-lər, akademik dairələr, o cümlədən universitetlər tərəfindən həyata keçirilən tədbirlərə NATO-nun siyasi və ekspert dəstəyinin təmin olunması; tələbələrin, tədqiqatçılar və düşüncə mərkəzlərinin nümayəndələrinin NATO Mənzil Qərargahına səfərlərinin təşkil olunması; həmçinin ölkəmizin NATO ilə əməkdaşlığının təbliğinə dair NATO Mənzil Qərargahında müxtəlif tədbirlərin keçirilməsi təşkil edir.
Davamlı olaraq NATO ilə ictimai diplomatiya sahəsində praktiki əməkdaşlığın keyfiyyətini artırmaq məqsədilə müxtəlif mövzular (enerji və sərhəd təhlükəsizliyi, mühüm enerji infrastrukturunun mühafizəsi, böhranların idarə olunması, sülh əməliyyatlarına dəstək, dəniz təhlükəsizliyi, kiber müdafiə, regional təhlükəsizlik, beynəlxalq böhranlar və s.) üzrə yerli və xarici tədqiqatçıların iştirak etdiyi seminarlar, dəyirmi masalar və bu kimi başqa tədbirlər təşkil olunur. On beş ilə yaxındır ki, fəaliyyət göstərən Azərbaycan NATO Beynəlxalq Məktəbi beynəlxalq təhlükəsizlik məsələləri üzrə fəal və səmərəli forum rolunu oynayır.
Ötən illər ərzində Azərbaycandan NATO Mənzil Qərargahına bir sıra səfərlər, o cümlədən ADA Universitetinin “Beynəlxalq münasibətlərdə Avropa İttifaqının rolu” mövzusunda yuxarı kurs bakalavr və magistr tələbələrinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələrindən ibarət heyətin və s. səfərləri təşkil olunmuşdur. Səfər çərçivəsində keçirilmiş görüşlərdə iştirakçılara NATO-nun siyasi prioritetləri və tərəfdaşları ilə münasibətləri, eləcə də bu gün dünyanı narahat edən təhlükəsizlik problemləri haqqında məlumatlar verilmişdir.
2018-ci ilin sentyabrında Azərbaycanda NATO Həftəsi keçirilmişdir. Bu, Avro-Atlantik təhlükəsizliyin və Azərbaycanla NATO arasında əməkdaşlığın müxtəlif aspektlərinə, habelə NATO-Azərbaycan tərəfdaşlığı və NATO barədə ictimaiyyətin məlumatlandırılmasına yönəlmiş bir sıra tədbirlərdən ibarət idi.
NATO Baş katibinin müavini xanım Rouz Qottemöller və NATO Parlament Assambleyasının prezidenti cənab Paolo Alli NATO Həftəsi tədbirlərində iştirak etmək və yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşmək üçün Azərbaycana səfər etmişdirlər.
Qeyd edək ki, Azərbaycan üçün NATO təmas nöqtəsi funksiyasını 2017-ci ildən etibarən Macarıstanın ölkəmizdəki səfirliyi yerinə yetirir.